20 Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür

20 Yanvar milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür
03:33 20 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 20 yanvar, Mustafa Dadaşov, AzərTAc
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 20 Yanvar uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixin səhifəsidir. Azərbaycan xalqı məhz 20 Yanvardan sonra SSRİ-nin tərkibində ədaləti bərpa etməyin mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşılacağına inamını birdəfəlik itirərək, azadlıq mübarizəsinə başlayıb.
Bu sözləri Qax şəhərindəki 4 nömrəli tam orta məktəbin tarix müəllimi, 2013-2014-cü tədris ilində keçirilən “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi Nurlanə Əzimova AzərTAc-a müsahibəsində söyləyib.
Tarix müəllimi bildirib ki, 20 Yanvar faciəsi qurbanlarının fədakarlığını həmişə hörmətlə xatırlamağımız, onların xatirəsini hər il yad etməyimiz təkcə xalqımızın qədirbilənliyi ilə bağlı deyildir. Müstəqil Azərbaycanın hər bir vətəndaşı yaşadığı azadlıq qürurunu dünənin fədailəri olan 20 Yanvar şəhidlərinin şücaəti hesabına qazanıldığını heç vaxt unutmur.
20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin gənc nəslə çatdırılmasında müəllimlərin də üzərinə çox böyük məsuliyyətin düşdüyünü vurğulayan Nurlanə Əzimova deyib: “Bu yöndə ən ümdə vəzifəmiz ondan ibarətdir ki, sabahımızı etibar edəcəyimiz şagirdləri elə bir ruhda tərbiyə edək ki, bizə əmanət olunan bu azad Vətənimizi, başımız üzərində qürurla dalğalandırdığımız Azərbaycan bayrağının şəhidlərimizin qanı bahasına Vətən göylərinə ucaldığını heç zaman unutmasınlar. Məktəblilərə aşılamalıyıq ki, ölümsüzlük zirvəsinə ucalan igid həmvətənlərimizin şəhid olduğu 20 Yanvar gününü faciədən daha çox milli qürur günü kimi anaraq, şəhidlərimizin əmanəti olan müstəqilliyimizi qorumaq, ümummilli lider Heydər Əliyevin dediyi kimi, onu əbədi və dönməz etmək üçün daim çalışsınlar”.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR