Qarşıdan Qurban bayramı gəlir və bu münasibətlə çoxları qurbanlıq heyvan almağa hazırlaşır. Ancaq unutmaq olmaz ki, qurban kəsilən heyvanın müəyyən şərtlərə cavab verməsi vacibdir.
İlahiyyatçı Yaşar Qurbanov Metbuat.az-a açıqlamasında bu şərtlərdən danışıb:
“Qoyun və qoçun altı aydan böyük olması, keçinin bir yaşı tamamlaması, inəyin iki yaşı keçməsi və dəvənin dörd yaşı tamam olması əsas yaş şərtlərindəndir. Qurbanlıq heyvan sağlam və qüsursuz olmalıdır. Əgər heyvanda bir gözünün korluğu, ayağında axsama, arıqlıq, halsızlıq, xəstəlik, buynuzun dibindən sınması və ya qulağın dibindən kəsilməsi kimi qüsurlar varsa, bu heyvan qurbanlıq sayılmır. Lakin buynuzda kiçik sınıqlar və qulaqda az kəsiklər problem yaratmır. Qurbanı kəsməyin vaxtı bayram namazından sonra başlayır və bayramın dördüncü günü əsr namazına qədər davam edir”.
Y.Qurbanov qeyd edib ki, kəsilmiş heyvanın ətini bölmək də dini baxımdan önəmlidir:
“Ətin üç hissəyə bölünməsi tövsiyə olunur. Bir hissəsi kasıblara sədəqə olaraq verilməli, digər hissə yaxın qohum, qonşu və dostlara paylanmalı, son hissə isə ailə üçün ayrılmalıdır. Bir qoyun bir nəfər və onun ailəsi üçün qurban kimi kəsilə bilər. İnək və dəvə isə yeddi nəfər və onların ailələri adından kəsilə bilər. Əgər ölən bir şəxs vəsiyyət edibsə, onun adından qurban kəsmək tövsiyə olunur. Vəsiyyət olmasa belə, onun adını ailə ilə birlikdə hallandırmaq olar”.
Qəssaba əməkhaqqı olaraq qurban ətindən verilməsinin düzgün olmadığını söyləyən ilahiyyatçı əlavə edib ki, əməkhaqqıdan sonra sədəqə kimi ət verilə bilər:
“Qurban kəsə bilməyən insanlar üçün Həzrət Peyğəmbər (s.a.v) özü qurban kəsmiş və bunun ümmət üçün olduğunu bildirmişdir. Qurbanı yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq da dini baxımdan mümkündür. Ancaq qurbanla bağlı bəzi yanlış inanclardan uzaq durmaq lazımdır. Məsələn, dişi heyvanın yalnız kişilər, erkək heyvanın isə yalnız qadınlar üçün kəsilməsinin vacib olduğunu düşünmək, qurbanın yalnız bir nəfəri əvəz edə biləcəyinə inanmaq, qurbanın ömürdə bir dəfə vacib olduğunu və ya ölən şəxslər üçün vacib olduğunu zənn etmək düzgün deyil”.
Qeyd edək ki, bu il Qurban bayramı iyunun 6 və 7-də qeyd olunacaq.
Sevinc İbrahimzadə / Metbuat.az