Azərbaycanda bəzən mal-qara arasında müxtəlif yoluxucu xəstəliklər yayılır. Bu hallar heyvanların sağlamlığına və fermer təsərrüfatlarına ciddi zərər vurur. İnfeksion xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlərin vaxtında görülməsi, xüsusilə vaksinasiya prosesi böyük əhəmiyyət daşıyır.
Veterinar həkim Xəyyam Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə mal-qara arasında hər il mütəmadi yayılan xəstəliklərdən biri də dabaq xəstəliyidir:
“Bu xəstəliyin yeddi əsas serotipi var və hər serotipin təxminən otuzdan çox alt serotipi mövcuddur. Bu alt tiplər davamlı mutasiyaya uğradığı üçün xəstəliyin nəzarətdə saxlanılması çətinləşir. Azərbaycanda hansı serotiplərin dövr etdiyi ilə bağlı dəqiq məlumatların əldə olunması üçün mütəxəssislər araşdırma aparmalıdır. Mövcud vəziyyət ondan ibarətdir ki, xəstəlik hər il baş qaldırır və iqtisadi baxımdan ciddi itkilərə səbəb olur. Problem həmçinin ondan ibarətdir ki, bəzi hallarda vaksin vurulan heyvanlarda da xəstəlik müşahidə olunur. Bu isə yeni gətirilən heyvanlarda fərqli serotiplərin ola biləcəyini göstərir. MDB ölkələrinin hər birində fərqli serotiplər yayılıb və bu da Azərbaycan üçün əlavə çətinlik yaradır”.
X.Cəfərov qeyd edib ki, xəstəliyin qarşısını almağın yeganə yolu vaksinasiya tədbirləridir:
“Dabaq əleyhinə istifadə olunan inaktiv vaksinlərdir və bu səbəbdən onların təsirli olması üçün iki mərhələdə tətbiq olunması vacibdir. İlk dozadan 21 gün sonra təkrar doz vurulmalıdır. Qanunvericiliyə əsasən, vaksin vurulduqdan sonra sürüdən qan nümunələri götürülməli və titrasiya yoxlanmalıdır. Əgər titrasiya yaranmayıbsa, həmin heyvanlara yenidən vaksin vurulmalıdır. Lakin bu prosedur baha və çətin olduğuna görə əksər hallarda tətbiq olunmur. Bu səbəbdən praktik olaraq 21 gün sonra hər sürü yenidən vaksinasiya olunmalıdır”.
Həkimin sözlərinə görə, əvvəllər dabaq vaksini altı aydan bir tətbiq olunurdusa, hazırda bu müddət dörd aya endirilməlidir:
“Bunun əsas səbəbi bəzi hallarda vaksinlərin gecikməsi və ya ərazilərə vaxtında çatdırılmaması nəticəsində xəstəliyin yayılmasıdır. Həmçinin özəl baytarların vaksinasiyanı gecikdirməsi də riskləri artırır. Əgər bu tədbirlər vaxtında və düzgün şəkildə həyata keçirilməzsə, itkilər daha da artır və nəticədə ölkə iqtisadiyyatına ciddi zərər dəyir. Bu xəstəliklə mübarizə üçün çəkilən xərc, yoluxma nəticəsində itirilən heyvanların dəyəri ilə müqayisədə daha azdır. Buna görə də profilaktik tədbirlərin görülməsi həm heyvanların, həm də sahibkarların qorunması baxımından olduqca vacibdir. Qara yara kimi xəstəliklər üçün istifadə olunan aktiv vaksinlərdən fərqli olaraq, dabaq vaksinləri inaktivdir. Məsələn, qara yara vaksini ildə bir dəfə vurulur və yerə düşdükdə belə infeksiya riski yaradır. Bu səbəbdən həmin vaksinə ehtiyatla yanaşılır. Dabaq əleyhinə vaksin isə təkrar dozalarla, mütəmadi tətbiq olunmalıdır. Ən ideal qorunma üsulu dörd aydan bir vaksinasiya tədbirinin həyata keçirilməsidir”.
Sevinc İbrahimzadə / Metbuat.az