Quba, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 9-da Quba Tibb Kollecində keçirilən “Psixiatriyanın və narkologiyanın aktual məsələləri” üzrə səyyar seminarlarda şimal bölgəsindəki həkim-psixiatr, narkoloq, nevroloq və ilkin tibb sahəsinin həkimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, seminarlar Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədbirlər planına əsasən təşkil olunub.
Seminarlar “İlk psixotik epizodun klinikası və müalicəsi”, “Psixoaktiv maddələrdən asılılığın müalicəsi”, “Ağır stressin (fövqəladə hallar, zorakılıq, insan alveri və s.) kliniki xüsusiyyətləri və müalicəsi” mövzuları üzrə keçirilib. Hər bir seminarda mövzu üzrə məruzə dinlənilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandırıan suallar cavablandırılıb.
Psixiatriya və narkologiyanın aktual məsələlərinə həsr olunan seminarlarda müzakirələr zamanı bu sahədəki son yeniliklər haqqında danışılıb, regionda çalışan mütəxəssislər məlumatlandırılıblar.
Bundan əvvəl eyni mövzuda seminarlar Sumqayıt şəhərində fəaliyyət göstərən tibb işçiləri üçün təşkil edilib.
