Bakı, 11 iyun, AZƏRTAC
İyunun 10-da Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda elan edilən müsabiqənin nəticələri açıqlanıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev, 2-ci yeri “Melumat-merkezi.com” xəbər saytının redaktoru Günel Cəlilova və “Novosti.az” İnformasiya Agentliyinin müxbiri Fuad Əlizadə, 3-cü yeri isə “Azvision.az” xəbər saytının redaktoru Anar Rüstəmov, “İki sahil” qəzetinin müxbiri Sevinc Məmmədova, “Moderator.az” xəbər saytının redaktoru Seymur Əliyev tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev, 2-ci yerə “İctimai” Televiziyanın böyük redaktoru Xuraman Məmmədova və “Lider” Televiziyasının müxbiri Rövşən Abdurəhmanov, 3-cü yerə isə “Space” Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Famil Fərhadoğlu və “Region” Televiziyasının müxbiri Zümrüd İbrahimova layiq görülüblər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib.
DSMF jurnalistlər arasında keçirilən müsabiqənin qaliblərini mükafatlandırıb