[ 11 İyun 2015 18:24 ]



Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov qeyd edib ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub. Elə buna görə də H. Əliyevin siyasi hakimiyyətə yenidən qayıtdığı tarix - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü adlanır.

Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə 90-cı illərin əvvəllərinə tarixi ekskurs edərək bildirib ki, həmin illərdə dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətin bütün təsisatları bərpa olunub və inkişaf etdirilib. E. İbrahimov qeyd edib ki, H. Əliyev tərəfindən əsası qoyulmuş və dövlət başçısı İlham Əliyev tərəfindən məharətlə davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilib və ev sahibliyi edəcəyimiz “Bakı-2015” Birinci Avropa Oyunları da həmin nüfuz və etibarın göstəricisidir.