Magistraturada boş qalan plan yerləri üzrə keçirilən əlavə yerləşdirmənin nəticələri ali təhsil sistemində diqqətçəkən mənzərə yaradıb. Əlavə müsabiqədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib, onlardan yalnız 508-i magistraturaya qəbul olunub.

Metbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, əsas yerləşdirmədən sonra 17 658 plan yerindən 13 845-i dolub. Əlavə qəbulun nəticələri isə göstərir ki, magistraturaya maraq tamamilə azalmayıb. Problem daha çox seçilən ixtisaslarla bağlıdır.

Təhsil eksperti Kənan Məmmədovun fikrincə, boş qalan yerləri yalnız gənclərin magistratura təhsilinə marağının azalması ilə izah etmək düzgün deyil. Onun sözlərinə görə, əsas məsələlərdən biri ixtisas seçimi ilə əmək bazarındakı perspektivlərin üst-üstə düşməməsidir.

“Məsələn, bəzi mühəndislik və texniki istiqamətlərdə plan yerləri tam dolduğu halda, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, biotexnologiya və incəsənətlə bağlı bəzi proqramlarda yerlərin yarıdan çoxu boş qalıb. Bu da göstərir ki, gənclər magistraturadan tamamilə imtina etmirlər. Onlar daha çox gələcək karyeraları üçün perspektivli hesab etdikləri sahələrə yönəlirlər”, – ekspert bildirib.

Kənan Məmmədov hesab edir ki, universitetlər magistr proqramlarını əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırmalıdır. Çünki gənc üçün magistraturaya qəbul yalnız əlavə diplom əldə etmək demək deyil. Əsas məsələ bu təhsilin gələcəkdə ona hansı iş və karyera imkanlarını qazandıracağıdır.

Digər diqqətçəkən məqam isə magistratura imtahanının özüdür. İmtahanda 50 məntiq, 25 informatika, 20 xarici dil sualı və esse tapşırığı təqdim olunur. Bu model namizədin müəyyən bacarıqlarını ölçsə də, bakalavrın konkret ixtisas üzrə potensialının nə dərəcədə qiymətləndirilməsi də müzakirə mövzusudur.

Ekspertin fikrincə, bəzi proqramlarda plan yerlərinin boş qalması həm qəbul mexanizminə, həm də həmin ixtisasların məzunları üçün yaradılan imkanlara yenidən baxılmasının vacibliyini göstərir.