Kreml ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verən qanun layihəsinin taleyini izləyir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, sənədin qəbul edilməsi Rusiyaya qarşı “dost olmayan addım” olacaq və ABŞ tərəfindən əlavə sanksiyaların tətbiqi Ukraynada sülh yolu ilə nizamlanma üzrə səyləri çətinləşdirə bilər.
“Əlbəttə, bu sənədin qəbul prosesini izləyirik. Bu, dost olmayan hərəkətlərə aiddir. ABŞ tərəfindən əlavə sanksiyaların tətbiqi, şübhəsiz ki, Ukraynada sülh yolu ilə nizamlanma yollarının axtarılması səylərini çətinləşdirəcək”, - deyə Peskov bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ağ Evə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək imkanı verən qanun layihəsini daha əvvəl təsdiqləmiş Senatın ardınca qəbul edib.
Sənədin imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilməsi gözlənilir.
Qanun layihəsinin əsas məqsədlərindən biri Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyaların sistemləşdirilməsidir. Sənəddə Rusiya rəhbərliyində müəyyən vəzifələr tutan şəxslərə qarşı sanksiyaların məcburi tətbiqini nəzərdə tutan müddəalar da yer alır.
Oxşar tədbirlərin Rusiya hərbçiləri və ölkənin hərbi-sənaye kompleksinə dəstək göstərən xarici vətəndaşlara qarşı tətbiqi də nəzərdə tutulur.