Azərbaycanda uşaq dünyaya gələndə ailədə böyük sevinc yaşanır. Ancaq zaman keçdikcə uşağın böyüməsi ilə onun həyatındakı mühüm hadisələr də bir-birinin ardınca mərasimə çevrilir. Körpənin 40-ı çıxır - restoran tutulur. Bir yaşı tamam olur - yenə restoran. Oğlandırsa, sünnət mərasimi keçirilir. Sonra məktəbə ilk addım, universitetə qəbul, hərbi xidmətə yola salınma, nişan və nəhayət, toy...
Sanki uşağın həyatında baş verən hər əlamətdar hadisənin ünvanı restorandır.
Əlbəttə, övladın sevincini yaxınlarla bölüşmək, onun həyatındakı mühüm günləri qeyd etmək gözəl ənənədir. Məsələ ənənənin özündə deyil. Əsas sual budur: bütün bu mərasimlər ailə büdcəsinə nə qədər yük yaradır?
Körpənin 40 mərasimi üçün qohumlar, dostlar və qonşular dəvət olunur. Süfrə açılır, restoranın xərci ödənilir. Qonaqlar da əliboş gəlmir, zərfə pul qoyurlar. Bir neçə ay sonra uşağın bir yaşı tamam olur və həmin insanlar yenidən məclisə çağırılır. Yenə restoran, yenə süfrə, yenə zərflər...
Oğlandırsa, qarşıda sünnət mərasimi var. Bu mərasim də zamanla kiçik ailə tədbirindən çıxaraq geniş məclisə çevrilir. Ardınca məktəb başlayır. Uşağın birinci sinfə getməsi qeyd olunur. Universitetə qəbul olur - yenə məclis. Oğlan uşağıdırsa, hərbi xidmətə yola salınması da ayrıca mərasimə çevrilə bilir.
Beləcə, uşaq böyüyür, amma məclislər bitmir.
Bir zərfdən digərinə
Bu mərasimlərin başqa maraqlı tərəfi də var. Məclislərdə verilən pullar sanki bir ailədən digərinə dövr edir.
Bu gün sən qohumunun uşağının bir yaş mərasiminə gedib zərfə pul qoyursan. Sabah həmin qohum sənin övladının sünnət mərasiminə və ya başqa bir məclisinə gəlir. Bir müddət sonra onun nişanına, daha sonra toyuna gedirsən. Sən zərf verirsən, o da.
Beləliklə, pul bir əldən digərinə keçir. Amma sonda həmin vəsaitin böyük bir hissəsi yenidən mərasimlərə xərclənir. Bu dövriyyədən isə əsas qazancı xidmət göstərən obyektlər və sahibkarlar əldə edir.
Üstəlik, məsələ yalnız zərfə qoyulan pulla bitmir. Restoranın qiyməti, menyu, musiqi, foto-video çəkilişi, geyim, bəzək-düzək və digər xərclər ailə büdcəsinə ciddi yük sala bilir. Bəzən bir neçə saat davam edən məclis üçün aylarla, hətta illərlə yığılan pul xərclənir.
“Camaat nə deyər?”
Məsələnin başqa bir tərəfi də var. İnsanlar bəzən məclisi həqiqətən istədikləri üçün deyil, ətrafın münasibətindən çəkinərək keçirirlər.
“Filankəs uşağının bir yaşını restoranda keçirdi, biz niyə etməyək?”
“Onlar sünnətə bu qədər adam çağırdı, biz az adam çağırsaydıq, ayıb olardı.”
“Universitetə qəbul olub, bunu da qeyd etmək lazımdır.”
Beləcə, bir mərasim digərini doğurur. Sadə bir ailə sevinci tədricən sosial öhdəliyə çevrilir. İnsan bəzən öz imkanlarından daha çox xərcləməyə məcbur olur ki, başqalarından geri qalmasın.
Halbuki uşağın 40-ının çıxmasını, bir yaşını, məktəbə getməsini və universitetə qəbulunu ailə arasında qeyd etmək də mümkündür. Bunun üçün mütləq restoran, böyük süfrə və yüzlərlə qonaq lazım deyil.
Çünki uşağın gələcəyi bir günlük məclisdən daha vacibdir.
Bəlkə də xərclədiyimiz pulların bir hissəsini övladın təhsilinə, xarici dil öyrənməsinə, kitablarına, idmanına, gələcək ehtiyaclarına və ya onun üçün yığıma yönəltsək, daha uzunmüddətli fayda əldə edə bilərik.
Axı uşağın həyatında bir-birinin ardınca gələn bu mərasimlərin hər biri bir neçə saat davam edir. Amma onun təhsilinə, inkişafına və gələcəyinə qoyulan vəsait illərlə öz əhəmiyyətini qoruyur.
Uşaq doğulur - məclis.
Bir yaşı tamam olur - məclis.
Sünnət - məclis.
Birinci sinif - məclis.
Universitetə qəbul - məclis.
Əsgərliyə yola salınma - məclis.
Nişan - məclis.
Toy...
Sanki uşağın böyüməsini deyil, məclislərin bir-birini necə əvəz etdiyini izləyirik.
Bəlkə də arada dayanıb özümüzə bir sual verməyin vaxtıdır: biz bütün bu məclisləri həqiqətən övladımızın sevincini bölüşmək üçün keçiririk, yoxsa “camaat nə deyər?” düşüncəsi ilə?
Çünki uşağın həyatındakı ən qiymətli xatirələr restoranın böyüklüyü, süfrənin zənginliyi və qonaqların sayı ilə ölçülmür. Onun üçün ən böyük sərvət ailəsinin sevgisi, diqqəti, dəstəyi və gələcəyinə verdiyi imkandır.
Nazim Hüseynzadə