Balıqların sudan kənarda uzun müddət yaşaya bilməsi inanılmaz görünsə də, təbiətdə bunun maraqlı nümunələri var. Belə balıqlardan biri mangrov rivulusudur. Bu canlı su hövzələri quruduqda sudan çıxaraq nəm mühitlərdə yaşamağa davam edə bilir.
Metbuat.az xəbər verir ki, mangrov rivulusu bəzi hallarda sudan kənarda 66 gün qədər sağ qala bilir. Balığın əsas üstünlüyü dərisi vasitəsilə də oksigen qəbul edə bilməsidir. Lakin bunun üçün bədəninin nəm qalması vacibdir. Bu xüsusiyyət ona tropik ərazilərdə suyun səviyyəsinin tez-tez dəyişdiyi şəraitdə böyük üstünlük verir.
Quraqlıq zamanı rivuluslar nəm yarpaqların, ağac kötüklərinin və digər sığınacaqların arasında gizlənirlər. Onlar bədənlərini qoruyaraq maddələr mübadiləsini yavaşlada və enerjiyə qənaət edə bilirlər. Balıq üçün əsas təhlükə isə bədənin həddindən artıq qurumasıdır. Buna görə də rivuluslar adətən rütubətin yüksək olduğu yerlərə çəkilirlər.
Alimlərin fikrincə, bu qeyri-adi xüsusiyyət balığın dəyişkən və çətin şəraitdə sağ qalmasına imkan verir. Mangrov rivulusunun bu qabiliyyəti həm də canlıların ətraf mühitə uyğunlaşmasının ən maraqlı nümunələrindən biri hesab olunur.