Oktyabrın 7-9-da Bakıda “Comelson Business Expo 2026” beynəlxalq biznes sərgisi keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) və “Comelson” şirkətinin birgə təşkilatçılığı ilə oktyabrın 7-9-da Bakıda “Comelson Business Expo 2026” beynəlxalq biznes sərgisi keçiriləcək.

Bakı Kristal Sarayında təşkil olunacaq sərgi “Tanıtım, tərəfdaşlıq və inkişaf” devizi altında baş tutacaq. Tədbirdə 200-dən çox şirkətin və 15 mindən artıq ziyarətçinin iştirakı gözlənilir. Həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri də sərgidə təmsil olunacaqlar.

Sərginin əsas məqsədi şirkətlər arasında biznes əlaqələrini genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və investisiya imkanları yaratmaqdır. İştirakçılar məhsul və xidmətlərini təqdim etməklə yanaşı, potensial müştərilərlə birbaşa əlaqə qurmaq, B2B, B2G və B2C formatlarında əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində biznes forumlarının, reportajların və sosial media yayımlarının təşkili də nəzərdə tutulub. İştirakçılara media dəstəyi, reklam imkanları və tərəfdaşlarla əlaqələrin davam etdirilməsi üçün müxtəlif xidmətlər təqdim olunacaq.

Qeyd edək ki, “Comelson Business Expo 2026”nın rəsmi media tərəfdaşı Rmedia şirkətidir.