Azərbaycanda bank sektorunun izafi likvidliyi 2026-cı ilin avqust ayının sonuna 6,3 milyard manata çatıb. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb. Lakin bankların sərəncamında vəsaitin çoxalmasına baxmayaraq, kredit faizlərində azalma müşahidə edilmir.
Metbuat.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti avqustun sonunda 6,3 milyard manat təşkil edib.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bankların sərəncamında vəsaitin artması kredit faizlərinin aşağı salınması üçün imkan yaratsa da, bu, praktikada özünü göstərmir. Əksinə, izafi likvidliyin təsiri daha çox depozit faizlərinin azalmasında hiss olunur.
İqtisadçı bildirib ki, banklar kredit faizlərini aşağı salmaqla daha çox müştəri cəlb edəcəklərinə əmin deyillər. Bundan əlavə, faizlərin azaldılmasının problemli kreditlərin artmasına səbəb ola biləcəyini düşünürlər.
Mərkəzi Bankın məlumatları da kredit faizlərinin azalmadığını göstərir. Belə ki, yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 2026-cı ilin əvvəlində 17,69 faiz olduğu halda, sentyabrda 18,83 faizə yüksəlib.
Digər tərəfdən, yüksək kredit faizləri də problemli kreditlərin artmasının qarşısını ala bilməyib. Sentyabrın 1-nə olan məlumata görə, problemli kreditlərin məbləği ilin əvvəli ilə müqayisədə 37,6 faiz artıb.
Beləliklə, bank sektorunda izafi likvidliyin artması kreditlərin ucuzlaşmasına gətirib çıxarmayıb. Banklar daha çox vəsaitə sahib olsalar da, kredit riskləri və borcalanların ödəmə qabiliyyəti faiz siyasətinə təsir edən əsas amillər olaraq qalır.