Bolqarıstanda “Botev Plovdiv” klubunun prezidenti və iş adamı İliyan Filipov öldürülüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Plovdiv şəhərində gecə saat 01:00 radələrində baş verib. Filipov özünə məxsus mülkdə başından bir güllə ilə vurulub.

Hadisə barədə polisə məlumat daxil olub və hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal əraziyə cəlb ediliblər. Ağır yaralanan klub prezidenti hadisə yerində həyatını itirib.

Qətllə bağlı araşdırma başlanılıb. Bolqarıstan mediasında hadisə ilə əlaqəli olduğu ehtimal edilən şəxsin təhlükəsizlik kamerasına düşən görüntüləri də yayımlanıb.

Lakin həmin şəxsin cinayətlə əlaqəsi hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Hüquq-mühafizə orqanları qətlin motivini və hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.