Azərbaycanda yüksək vəzifələrdə uzun illər fəaliyyət göstərən məmurlar zaman-zaman ictimaiyyətin diqqətini cəlb edir. Onlardan biri də hazırda Baş nazirin köməkçisi vəzifəsində çalışan Əhməd Əhmədzadədir.
Metbuat.az xəbər verir ki, Əhməd Əhmədzadənin 81 yaşı var. O, 7 yanvar 1945-ci ildə anadan olub və bu ilin yanvarında 81 yaşını tamamlayıb.
Əhməd Əhmədzadənin məsul vəzifələrdə fəaliyyəti 1975-ci ildən başlayıb. O, həmin il Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Sonrakı illərdə Abşeron, Füzuli və Şəmkir rayonlarında, həmçinin Şəki və Quba rayonlarında rəhbər vəzifələrdə çalışıb.

Fotoda: Əhməd Əhmədzadə
Daha sonra Əhməd Əhmədzadə uzun müddət meliorasiya və su təsərrüfatı sahəsində fəaliyyət göstərib. 1993-2004-cü illərdə Meliorasiya və Su Təsərrüfatı Komitəsinə rəhbərlik edib, 2004-2006-cı illərdə kənd təsərrüfatı nazirinin birinci müavini olub. 2006-2021-ci illərdə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutub.
2021-ci ilin aprelində Baş nazir Əli Əsədovun müşaviri təyin olunan Əhmədzadə 2024-cü ilin oktyabrında Baş nazirin köməkçisi vəzifəsinə keçirilib. Hazırda o, Nazirlər Kabinetinin Aparatında bu vəzifədə fəaliyyət göstərir.
Qeyd edək ki, Əhməd Əhmədzadə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2025-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.