Türkiyədə yeni doğulan uşaqlara ad seçimi ilə bağlı son dövrlərdə diqqətçəkən tendensiya müşahidə olunur. Bir vaxtlar daha çox yaşlı nəsillə əlaqələndirilən ənənəvi adlar yenidən gənc valideynlərin seçimləri sırasında yer almağa başlayıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusilə mənası və tarixi kökləri ilə seçilən adlara maraq artıb. Qısa, yadda qalan və ənənəvi məna daşıyan adlar yeni nəsil valideynlərin diqqətini çəkir.
Qız uşaqları üçün Umay, Gökçe və İnci adları ön plana çıxır. Bu adların həm ənənəvi xüsusiyyətlərə malik olması, həm də müasir səslənməsi onların yenidən populyarlıq qazanmasının əsas səbəblərindən biri hesab olunur.
Umay qədim türk mədəniyyətində mühüm yer tutan adlardan biridir. Gökçe və İnci adları isə həm tarixi-mədəni çalarları, həm də müasir dövrdə istifadəyə uyğun səslənməsi ilə seçilir.
Oğlan uşaqları arasında isə Alparslan, Metehan və Göktuğ adlarına maraq diqqət çəkir. Bu adların türk tarixi və mədəniyyəti ilə bağlı güclü assosiasiyaları var.
Türkiyədə 2025-ci ildə doğulan uşaqlara verilən adlarla bağlı rəsmi məlumatlarda da Alparslan kişi adları arasında ön sıralarda yer alıb. Həmin il 7 min 651 oğlan uşağına Alparslan adı verilib. Göktuğ və Metehan da ən çox seçilən oğlan adları sırasında olub.