Türkiyənin tanınmış sosial media fenomeni Dilan Polat yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Polat “Prezidentə təhqir” ittihamı üzrə aparılan araşdırma çərçivəsində gözaltına alınıb.

Məlumata görə, Anadolu Baş Prokurorluğu sosial mediada yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb. Araşdırma çərçivəsində Dilan Polatın ifadəsinin alınmasına qərar verilib.

Polat ifadə verməsi üçün məhkəməyə aparılıb. Onun hüquq-mühafizə orqanlarına verdiyi ifadənin məzmunu ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Digər tərəfdən, ifadə prosesi zamanı Polatın səhhətinin pisləşdiyi bildirilir. Bundan sonra ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, Dilan Polat daha əvvəl də müxtəlif hüquqi araşdırmalar çərçivəsində gündəmə gəlib. Yeni araşdırma üzrə hüquqi prosesin necə davam edəcəyi və onunla bağlı hansı qərarın veriləcəyi gözlənilir.