Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, müəssisənin antisanitar şəraitdə, heç bir qida təhlükəsizliyi tələbləri gözlənilmədən fəaliyyət göstərdiyi, istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Eyni zamanda, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da aşkarlanıb.
Nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, istehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib, həmçinin müəssisədə nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.