Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və mövcud problemlərin müzakirəsi baxımından əhəmiyyətlidir.

Metbuat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Turan Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında iqtisadi əlaqələr inkişaf etsə də, siyasi münasibətlərdə vaxtaşırı gərginlik müşahidə olunur. Rəsmi Bakı Tehranla mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlı olsa da, İrandakı bəzi dairələrin Azərbaycana qarşı mövqeyi iki ölkə arasında etimadın möhkəmlənməsinə mane olur.

Turan Rzayev qeyd edib ki, Azərbaycan indiyədək İrana qarşı yönəlmiş siyasi kampaniyalarda iştirak etməyib və Qərbin iqtisadi sanksiyalarına qoşulmayıb. Həmçinin ABŞ və İsrailin İrana hücumları zamanı Bakı tərəfləri sülhə çağırıb və İrana qarşı hücumları pisləyib.

Siyasi şərhçinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında mövcud olan səmimi münasibətlər ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir. Bu baxımdan Şahin Mustafayevin səfəri münasibətlərin normallaşdırılması, açıq qalan məsələlərin müzakirəsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Turan Rzayev hesab edir ki, səfərin məqsədlərindən biri də İranda baş verən siyasi dəyişiklikləri və yeni rəhbərliyin formalaşdırdığı vəziyyəti yerində qiymətləndirməkdir. Onun sözlərinə görə, İranda rəhbərlik səviyyəsində baş verən dəyişikliklər Azərbaycanla münasibətlərdə yeni yanaşmaların müəyyənləşdirilməsini zəruri edir.

Şərhçi əlavə edib ki, Azərbaycanın İrana münasibətdə balans siyasətini davam etdirəcəyi gözlənilir. Bununla yanaşı, Tehran tərəfindən mümkün təxribatlara və sərt siyasi ritorikaya qarşı Bakının mövqeyinin dəyişməyəcəyini düşünür.

Turan Rzayevin fikrincə, Azərbaycan İranla əməkdaşlığın genişləndirilməsində maraqlı olsa da, ölkənin milli maraqlarına və təhlükəsizliyinə yönələn addımlara cavabsız qalmayacaq.