Qlobal iqtisadiyyatda yeni bir təzyiq dalğası formalaşır. Yaxın Şərqdə gərginlik artdıqca enerji və logistika marşrutlarında risklər də yüksəlir.
Bunun ilk təsirlərindən biri neft qiymətlərində özünü göstərir. Neft bahalaşdıqca nəqliyyat və istehsal xərcləri artır, bu artım isə tədricən digər məhsul və xidmətlərin qiymətlərinə də keçir. Beləliklə, regionda başlayan geosiyasi gərginlik zamanla qlobal iqtisadiyyatda inflyasiya təzyiqinə çevrilir.
Bu prosesin ən mühüm nəticələrindən biri isə Mərkəzi Bankların qarşısında yaranan monetar dilemma olacaq: inflyasiyanı cilovlamaq üçün yüksək faizləri qorumaq, yoxsa zəifləyən iqtisadiyyatı dəstəkləmək üçün pul siyasətini yumşaltmaq?
Yaxın Şərqdə gərginliyin artması enerji bazarında ənənəvi olaraq müşahidə olunan “risk primi”ni yenidən gündəmə gətirir. Xüsusilə Hörmüz boğazı kimi qlobal enerji təchizatı baxımından strateji əhəmiyyət daşıyan marşrutlarda təhlükəsizlik risklərinin artması bazar iştirakçılarını mümkün tədarük fasilələrini qiymətlərə daxil etməyə sövq edir.
Brent markalı neftin qiymətinin 85–90 dollar diapazonunda möhkəmlənməsi halında məsələ yalnız neft hasil edən ölkələrin gəlirlərindən ibarət olmayacaq. Daha bahalı enerji ilk növbədə idxalçı ölkələrin tədiyyə balansına, daha sonra isə şirkətlərin istehsal və logistika xərclərinə təsir göstərə bilər.
Burada əsas risk neftin qiymətinin müəyyən müddət yüksək qalmasıdır. Qısamüddətli qiymət sıçrayışı bazar tərəfindən nisbətən asan həzm oluna bilər. Lakin yüksək qiymətlər uzun müddət davam edərsə, onların iqtisadiyyata ötürülmə effekti daha geniş miqyas alır.
Enerji qiymətlərinin artmasının ikinci mərhələsi nəqliyyat və logistika sektorunda özünü göstərir. Gəmilərin riskli marşrutlardan yayınaraq daha uzun alternativ istiqamətlərə yönəlməsi yanacaq sərfiyyatını, sığorta və fraxt xərclərini artırır.
Bu isə istehlakçı üçün görünməyən, lakin qiymətlərin formalaşmasına birbaşa təsir edən əlavə xərc yaradır.
Məsələn, yükün daşınması bahalaşdıqda bunun təsiri yalnız logistika şirkətinin maliyyə nəticələrində qalmır. İdxalçı şirkət əlavə xərci məhsulun maya dəyərinə daxil edə, nəticədə həmin məhsul daha yüksək qiymətlə bazara çıxa bilər.
Beləliklə, neft, nəqliyyat, logistika, istehsal , istehlak qiymətləri ardıcıllığı formalaşır.
Enerji qiymətlərinin yüksəlməsi inflyasiyaya iki kanalla təsir edir. Birinci kanal birbaşa təsirdir: benzin, dizel, qaz və digər enerji məhsulları bahalaşır.
İkinci kanal isə daha mürəkkəbdir. Nəqliyyat və istehsal xərclərinin artması qida məhsullarından sənaye mallarına qədər geniş çeşiddə məhsulların maya dəyərini yüksəldir.
Məhz bu mərhələ Mərkəzi Banklar üçün daha ciddi problem yaradır. Çünki enerji şoku yalnız bir neçə ay davam edən müvəqqəti hadisə kimi qalmadıqda, inflyasiya gözləntilərini dəyişə və qiymət artımlarının iqtisadiyyatın digər sahələrinə yayılmasına səbəb ola bilər.
Bu baxımdan “yapışqan inflyasiya” riski xüsusi əhəmiyyət daşıyır. Enerji qiymətləri sonradan aşağı düşsə belə, əməkhaqqı, xidmət və digər xərclərdə yaranmış artımların geri çəkilməsi daha yavaş baş verə bilər.
Enerji şoku pul-kredit siyasətini də birbaşa mürəkkəbləşdirir. Mərkəzi Bank iqtisadi fəallığı dəstəkləmək üçün faizləri aşağı saldıqda borclanma ucuzlaşır, investisiya və istehlak üçün daha əlverişli şərait yaranır.
Lakin eyni vaxtda enerji qiymətlərinin yaratdığı inflyasiya təzyiqi güclənirsə, faizlərin sürətlə endirilməsi qiymət artımlarının yenidən sürətlənməsi riskini artırır.
Bu səbəbdən ABŞ Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı və İngiltərə Bankı üçün əsas məsələ yalnız inflyasiyanın hazırkı səviyyəsi deyil, inflyasiyanın hansı istiqamətdə hərəkət edəcəyi olacaq.
Başqa sözlə, Mərkəzi Banklar iki risk arasında seçim etməli olurlar: yüksək faizlərin iqtisadi artımı zəiflətməsi və ya faizlərin tez aşağı salınmasının inflyasiya təzyiqini yenidən gücləndirməsi.
Yüksək enerji qiymətləri və yüksək faiz dərəcələrinin eyni vaxtda mövcud olması şirkətlər üçün “ikiqat təzyiq” yaradır.
Bir tərəfdən istehsal və logistika xərcləri artır, digər tərəfdən kredit resurslarının qiyməti yüksək olaraq qalır. Bu vəziyyətdə xüsusilə borclanma hesabına fəaliyyət göstərən şirkətlərin investisiya qərarlarını təxirə salması mümkündür.
Nəticədə iqtisadiyyatda maraqlı bir ziddiyyət yaranır: inflyasiya yüksək olduğu üçün Mərkəzi Banklar faizləri aşağı salmağa tələsmir, yüksək faizlər isə iqtisadi fəallığın sürətini azalda bilər.
Bu vəziyyət iqtisadi nəzəriyyədə “stagflyasiya riski” ilə bağlı müzakirələri də gücləndirə bilər — yəni zəif iqtisadi artım fonunda yüksək inflyasiya.
Hazırkı mərhələdə bazarlar üçün əsas məsələ yalnız neftin 85, 90 və ya daha yüksək səviyyəyə çatması deyil. Daha vacib sual bu qiymətlərin nə qədər müddət yüksək qalacağıdır.
Əgər geosiyasi gərginlik qısa müddətdə səngiyərsə, enerji şoku iqtisadiyyatda müvəqqəti xarakter daşıya bilər. Lakin strateji dəniz marşrutlarında risklər uzun müddət davam edərsə, bunun inflyasiya, logistika və monetar siyasət üzərində təsiri daha qalıcı ola bilər.
Enerji bazarında sabitliyin bərpa olunması Mərkəzi Bankların faiz endirimləri üçün daha geniş imkan yarada bilər. Əksinə, neft və qaz qiymətlərində yeni sıçrayış baş verərsə, inflyasiyanın yenidən gündəmə gəlməsi faizlərin daha uzun müddət yüksək qalması ilə nəticələnə bilər.
Yəni bugünkü geosiyasi gərginlik sabahın faiz qərarlarına, faiz qərarları isə biznesin investisiya imkanlarına və istehlakçının gündəlik xərclərinə qədər uzanan bir “təzyiq zənciri” yaradır.
Gülbəniz Hüseynli / Metbuat.az