Yaxın Şərqdə geosiyasi gərginlik və ABŞ-İran danışıqları ilə bağlı qeyri-müəyyənlik dünya neft bazarında qiymətlərin hərəkətinə təsir göstərməkdə davam edir.

Sentyabrın 30-da neft qiymətlərinin yenidən artması bazarda geosiyasi risklərin hələ də yüksək olduğunu göstərir. Bununla yanaşı, Yaxın Şərqdən neft ixracının bərpası qiymət artımını məhdudlaşdıran əsas amillərdən biri olaraq qalır.

“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,82% artaraq 103,43 dollara yüksəlib. Dekabr fyuçersləri isə 87,59 dollar təşkil edib. ABŞ-nin WTI markalı neftinin qiyməti də 0,28% artaraq 89,63 dollara çatıb.

Qiymət artımının əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı məlumatları təkzib etməsidir. Qətərin Tehran və Vaşinqton arasında vasitəçilik səylərinə baxmayaraq, danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənlik qalır. Bu vəziyyət bazarda mümkün tədarük problemləri ilə bağlı riskləri artırır.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının neft nəqlini bərpa etməsi bazarda təklifin artmasına şərait yaradır. Ölkənin “East-West” boru kəmərinin fəaliyyətinin bərpasından sonra Yanbu limanında neft tankerlərinə yükləmələr yenidən başlayıb. Nəticədə Yaxın Şərq ölkələrinin sentyabrda gündəlik neft ixracı 16,328 milyon barelə yüksələrək müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb.

Bu göstəricilər bazarda iki əks istiqamətli tendensiyanın formalaşdığını göstərir: geosiyasi gərginlik qiymətləri artırır, tədarükün bərpası isə onların yüksəlişini məhdudlaşdırır.

“JPMorgan”ın qiymətləndirməsinə görə, regionun neft ixracı müharibədən əvvəlki səviyyədən cəmi 11% aşağıdır. Son beş gündə ümumi neft ixracının gündəlik orta həcmi 20,5 milyon barel təşkil edib. Bu, 2025-ci ilin göstəricisinin 89%-nə bərabərdir. Beləliklə, tədarükün bərpası bazarda qiymətlərin daha da yüksəlməsinin qarşısını ala biləcək amillərdən birinə çevrilir.

Digər mühüm məqam ABŞ-nin daxili yanacaq bazarı ilə bağlı planlarıdır. Vaşinqtonun dizel ixracını məhdudlaşdırmaq ehtimalı ABŞ-də yanacaq təklifinin artmasına və neft emalı zavodlarının xam neftə tələbatının azalmasına səbəb ola bilər. Bu isə beynəlxalq bazarda WTI və “Brent” markaları arasındakı qiymət fərqinin genişlənməsinə təsir göstərir.

ABŞ-də xam neft və benzin ehtiyatlarının artması da bazarın diqqətindədir. Bununla belə, Enerji İnformasiya Administrasiyasının açıqlayacağı rəsmi məlumatlar bazarın növbəti istiqamətinin müəyyənləşməsində mühüm rol oynaya bilər.

Yaxın perspektivdə neft bazarının əsas istiqaməti üç amildən asılı olacaq: ABŞ və İran arasında danışıqların nəticəsi, Yaxın Şərqdən neft ixracının bərpa tempi və ABŞ-də ehtiyatların dəyişməsi. Siyasi gərginliyin artması qiymətlərə əlavə təzyiq göstərə, tədarükün sabitləşməsi isə yüksəlişi məhdudlaşdıra bilər.

Beləliklə, hazırkı vəziyyətdə neft bazarında qiymət artımı ilə tədarükün bərpası paralel gedir. Bu ziddiyyətli proseslərin hansı istiqamətdə üstünlük qazanacağı yaxın dövrdə qiymət dinamikasının əsas müəyyənedicisi olacaq.

Gülbəniz Hüseynli