İstanbulun Maltepe rayonunda yeddimərtəbəli binanın 3 mərtəbəsi çöküb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 33 nəfərin yaşadığı binada çökmə səhər saatlarında baş verib.

İstanbul valisi Davut Gül bildirib ki, dağıntı altında qaldığı ehtimal edilən 7 nəfərdən 4-ü ilə əlaqə yaradılıb, 5 nəfər isə xilas edilib. Digər 3 nəfərin axtarışları davam edir.

Axtarış-xilasetmə işlərinə ümumilikdə 56 texnika və 175 yanğınsöndürən, həmçinin AFAD-ın 5 texnikası və 25 əməkdaşı cəlb olunub. Xüsusi təlim keçmiş itlər də əməliyyatda iştirak edir.

Məlumata görə, 1987-ci ildə inşa edilən binanın aşağı mərtəbəsində tekstil emalatxanası fəaliyyət göstərib. Binanın çökməsinə səbəbin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.