Türkiyəli Nobel mükafatçısı, görkəmli alim Əziz Sancarın Mardinin Savur rayonunda doğulub böyüdüyü ev bərpa olunaraq muzey kimi fəaliyyətə başlayıb. Muzeydə alimin şəxsi əşyaları, diplomları, mükafatları və elmi fəaliyyətinə aid materiallar nümayiş etdiriləcək.

Metbuat.az xəbər verir ki, muzeyin açılışı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə keçirilib.

Açılış mərasimində Əziz Sancar, həyat yoldaşı Qven Boles Sancar, Mardin valisi Tuncay Akkoyun və digər rəsmi şəxslər iştirak ediblər.

Muzeyin yaradılmasında məqsəd alimin həyat yolunu, elmi fəaliyyətini və beynəlxalq uğurlarını gələcək nəsillərə çatdırmaq, xüsusilə də gənclərdə elmə marağı artırmaqdır.

1938-ci ildən əvvəlki dövrə aid olduğu bildirilən dördmərtəbəli daş binanın 395 kvadratmetrlik birinci mərtəbəsi muzey kimi təşkil olunub. Burada Əziz Sancarın həyat və elmi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materialların nümayişi üçün üç ayrı sərgi zalı yaradılıb.

Muzeydə alimin həyatından fotolar, diplomlar, elmi və tibbi fəaliyyətinə aid əşyalar, geyimləri, qazandığı mükafatlar, ona təqdim olunan hədiyyələr və elmi araşdırmalarına dair sənədlər yer alacaq.

Qeyd edək ki, Əziz Sancar 2015-ci ildə DNT-nin bərpası mexanizmlərinin tədqiqinə verdiyi töhfələrə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Onun doğulub böyüdüyü evin muzeyə çevrilməsi həm alimin irsinin qorunması, həm də Savur rayonunun tanıdılması baxımından əhəmiyyətli addım hesab olunur.