Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün yenidən inşası üçün tender prosesi başa çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, körpünün bərpası ilə bağlı müqavilə sentyabrın 28-də imzalanıb.

Nazirin sözlərinə görə, İpək Yolu üzərində, orta əsrlərin mühüm ticarət mərkəzlərindən biri olan Anidə yerləşən körpü X əsrdə inşa edilib. Tarixi tikilidən günümüzə yalnız dayaq qalıqları çatıb.

Uraloğlu qeyd edib ki, körpünün ilkin uzunluğu 80 metr, eni isə 8 metr olub. Onun 31 metr aşırımlı dairəvi tağı 1807-ci il oktyabrın 16-da dağılıb. Körpü vaxtilə Şərqlə Qərb arasında ticarət əlaqələrinin təmin edilməsində mühüm rol oynayıb.

Nazir bildirib ki, tarixi abidənin bərpası Türkiyə və Ermənistan arasında imzalanmış protokol əsasında birgə komissiyanın koordinasiyası ilə həyata keçiriləcək. Protokol mayın 4-də İrəvanda imzalanıb.