Türkiyənin “Halk TV” telekanalına qarşı rüşvət, tenderə müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması ittihamları üzrə istintaq başladılıb. İş çərçivəsində kanalın binasında axtarış aparılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 14-də səhər saatlarında İstanbulda keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. Şübhəlilərdən 4-nün xaricdə, 1-nin isə cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilib. Daha 1 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

İstanbul Respublika Baş Prokurorluğunun məlumatına görə, istintaq “Halk TV”nin sahibi Cafer Mahiroğlu ilə bağlıdır. İstintaq materiallarında onun İzmir Böyükşəhər Bələdiyyəsi ilə əlaqələrindən istifadə edərək “BUSTECH Araç Bakım Onarım Hizmetleri” şirkətinin yaradılmasına və bələdiyyə tenderləri vasitəsilə qanunsuz gəlir əldə edilməsinə şərait yaratdığı iddia olunur.

Prokurorluğun açıqlamasında tender prosesləri ilə əlaqədar 14 milyon 464 min lirə (təxminən 499 586 azn) məbləğində qeydə alınmamış rüşvət ödənişinin həyata keçirildiyi, bəzi işlər üzrə şişirdilmiş qiymətlərlə ödənişlər edildiyi və əldə olunan vəsaitlərin əlaqəli şirkətlərə köçürüldüyü bildirilir.

İstintaq çərçivəsində Mahiroğlunun əlaqəli olduğu şirkətlərin hesabları və maliyyə əməliyyatları da araşdırılıb. Məhkəmə qərarı ilə həmin şirkətlərə həbs qoyulub və Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) onlara qəyyum təyin edilməsi barədə qərar qəbul edilib.

İstintaq davam edir. Qeyd olunan hallar üzrə yekun məhkəmə qərarı verilməyib.