Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olan ərazilərin Moskvaya məxsusluğunu qəbul etməyəcəklərini bildirib.
Metbuat.az xəbər verir ki, Zelenski bu barədə Türkiyəyə səfəri zamanı “CNN Türk”ə müsahibəsində deyib.
O, Krım da daxil olmaqla, Ukraynanın şərqindəki ərazilərdən imtinanın ölkənin Konstitusiyasına və xalqın iradəsinə zidd olduğunu vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, Kiyevin əsas prioriteti mövcud cəbhə xəttində atəşkəsə nail olmaq, daha sonra isə digər məsələləri müzakirə etməkdir.
Zelenski mümkün sülh danışıqlarında enerji, dənizdə atəşkəs və əsir mübadiləsinin müzakirə olunacağını bildirib. Liderlər səviyyəsində əsas məqsədin qeyd-şərtsiz atəşkəsə nail olmaq və onun icrasına nəzarət mexanizmi yaratmaq olduğunu qeyd edib.
Ukrayna lideri təhlükəsizlik zəmanətlərinin də danışıqların mühüm mövzularından biri olacağını vurğulayıb.
Qeyd edək ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da bildirib.