Gəncədə 20 Yanvar şəhidləri anıldı - FOTO

Gəncədə 20 Yanvar şəhidləri anıldı - FOTO
18:05 20 Yanvar 2015
147 Sosial
Ölkə mətbuatı
A- A+

20 Yanvar faciəsi Gəncədə silsilə tədbirlərlə anılıb. Şəhidlər xiyabanında keçirilən anım mərasimində böyük izdiham müşahidə olunub. Uşaqdan böyüyə hər kəs şəhidlərin xatirəsini yad etmək üçün xiyabana toplaşıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, 25 il əvvəl Bakıda törədilən qətliam Gəncədən də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə 1 şəhid verib. 1 nəfər şəhər sakini isə yaralanıb. Hər il olduğu kimi, yanvarın 20-də gəncəlilər şəhidlər xiyabanına axışaraq Azərbaycanın azadlıq carçılarının xatirəsini anır. Bildirək ki, uzun illər idi Gəncədə milli matəm günü 20 Yanvar abidəsinin önündə təşkil edilirdi. Amma indi şəhərdəki şəhidlər xiyabanı yenidən qurulub, abidə kompleksi ucaldılıb və artıq 3-cü ildir ki, anım mərasimləri burada keçirilir. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 370 şəhidin, eləcə də Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovun məzarı var.

Şəhidlər xiyabanında baş tutan anım mərasimi abidə kompleksi önündə şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna dualar oxunandan sonra başlayan matəm mitinqində 25 il əvvəl sovet qoşununun Bakıda insanlıq əleyhinə icra etdiyi tapşırıq pislənilib. 20 yanvarın Azərbaycan tarixində yalnız bir hüzn günü deyil, həm də qəhrəmanlıq səlnaməsində iz qoyan tarixi gün kimi qiymətləndirilib. Şəhid valideynləri də vətən uğrunda canını qurban verən oğulları ilə fəxr etdiklərini, həmçinin dövlətin göstərdiyi qayğıdan minnətdarlıq ifadə ediblər.

Elmar Vəliyev
, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Şəhidlər vətən uğrunda, dövlətimizin müstəqilliyi uğrunda canlarından keçiblər. Dövlət tərəfindən də onlara yüksək qayğı göstərilir, imtiyazlar verilir. Cənab prezidentin göstərdiyi diqqət yerlərdə də öz əksini tapır”.

Şəhər ictimaiyyəti tərəfindən Gəncədəki 20 Yanvar abidəsi də ziyarət edilərək şəhidlərin xatirəsi anılıb. İdarə və müəssisə kollektivləri, məktəblilər tərəfindən uzun illər həsrətini çəkdiyimiz, yenidən qovuşduğumuz azadlığımız uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramlarını bildiriblər.

Saat 12-də isə bütün ölkə ərazisində olduğu kimi Gəncədə də 25 il öncə baş verən hadisələr zamanı canlarından keçən vətən oğullarının xatirəsinə avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR