Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Aşqabadda yad edilib

19:28 20 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Aşqabad, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsi ilə əlaqədar daha bir anma mərasimi Azərbaycanın Türkmənistandakı səfirliyində keçirilib.
Səfir Vəhdət Sultanzadə mərasimdə çıxış edərək 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı törədilmiş cinayət haqqında məlumat verib. O, hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək bu faciəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini, onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulayıb. Diplomat Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının və onlara xüsusi qayğı və diqqət göstərməsinin əhəmiyyətindən söhbət açıb, faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib.
Səfir ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrlə bağlı bir çox sənədlərin nəşr olunduğunu və hazırda Prezident İlham Əliyevin Ümummilli Liderin bu istiqamətdə də siyasətini davam etdirdiyini diqqətə çatdırıb. Xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materialların hazırlandığı qeyd edilib. Azərbaycana gələn yüksək səviyyəli xarici nümayəndə heyətlərinin Şəhidlər xiyabanını ziyarət etmələrinin Qanlı Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardan biri olduğu vurğulanıb. Bu qanlı faciədən 25 il ötməsinə baxmayaraq, bəşəriyyətə qarşı törədilmiş həmin cinayətin Azərbaycan xalqının xatirəsində hüznlə anıldığı bildirilib.
Anma mərasiminin iştirakçıları çıxış edərək, 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Bakıda törədilmiş faciənin Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı cinayət olduğunu, bu hadisənin dünya ictimaiyyətində ürək ağrısı ilə qarşılandığını və doğma Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını söyləyiblər.
Sonra 20 Yanvar hadisələri ilə bağlı sənədli filmlər göstərilib. Səfirliyin binasının zalında 20 Yanvar faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılıb.
Tədbir iştirakçılarına səfirlik tərəfindən qətliam barədə hazırlanmış xüsusi fotoalbom, habelə xalqımızın üzləşdiyi bu və digər faciələrlə bağlı Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış materiallar paylanıb.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi müxbiri
Aşqabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_Asqabadda_yad_edilib-826188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR