Ombudsman: Azərbaycanda bələdiyyə seçkiləri demokratik, azad, şəffaf, ədalətli keçirilib

Ombudsman: Azərbaycanda bələdiyyə seçkiləri demokratik, azad, şəffaf, ədalətli keçirilib
17:38 25 Dekabr 2014
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkiləri uğurla başa çatıb. Trend xəbər verir ki, Ombudsman Aparatının yaydığı məlumatda belə deyilir.

Qeyd edilir ki, fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi vəziyyətinin öyrənilməsindən ibarət olan Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman təsisatının mərkəzi aparatının, habelə regional mərkəzlərinin 41 əməkdaşı dekabrın 23-də Bakı şəhəri və ölkənin 48 rayonunda 98 seçki dairəsi üzrə 402 seçki məntəqəsində, o cümlədən Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, ali hərbi məktəbində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində səsvermə prosesini izləyiblər.

Ombudsman Bakı şəhərinin rayonlarında bir sıra seçki dairələri üzrə seçki məntəqələrində səsvermə prosesini izləyib, eyni zamanda, respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan müntəzəm olaraq məlumatlar alıb.

Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılıb, seçkilərin gedişatının bilavasitə izlənilməsi üçün real şərait yaradılıb: “Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə bələdiyyə seçkiləri demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilib. Müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilər də nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda seçki prosesində iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər. Ümumilikdə, bələdiyyə seçkiləri Seçki Məcəlləsinə uyğun həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR