Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş səyyar elmi-praktik konfranslar keçirilib

Coğrafiya İnstitutunun 70 illik yubileyinə həsr olunmuş səyyar elmi-praktik konfranslar keçirilib
22:53 19 İyun 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar Bakı-Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə səyyar elmi-praktik konfranslar təşkil edilib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədovun təşəbbüsü ilə reallaşan səfərin məqsədi institutun 70 illik fəaliyyəti dövründə qazanılmış elmi nailiyyətlər, müasir coğrafi tədqiqat sahələri ilə region sakinlərini tanış etmək, bu elm sahəsinə marağı artırmaqdır.
İnstitutun əməkdaşları olduqları yerlərdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
İlk görüş Şamaxı şəhərindəki İncəsənət Təhsili Mərkəzində rayon fəallarının, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı rayon filialının, orta ümumtəhsil məktəbləri və kolleclərinin coğrafiya müəllimləri və tələbələrinin iştirakı ilə keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova elm və təhsilin, eləcə də coğrafiyanın əhəmiyyətindən danışıb, institutun kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Akademik R.Məmmədov Coğrafiya İnstitutu, onun yaranma tarixi, strukturu, tədqiqat sahələri, tanınmış alimləri, beynəlxalq əlaqələri, qazandığı nailiyyətlər, Xəzər dənizinin coğrafi tədqiqi haqqında geniş məlumat verib.
Sonra alimlərin “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri”, “Şamaxı regional rayonunun sosial-iqtisadi inkişafı”, “Şamaxı rayonunun torpaq örtüyünün keçmişi, bu günü və gələcək problemləri” mövzularında məruzələr dinlənilib, iştirakçıların qlobal istiləşmə, təbii su ehtiyatlarının azalması təhlükəsi barədə sualları cavablandırılıb.
Səfərin ikinci günü institutun kollektivi İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin məsul əməkdaşları, məktəb direktorları, təhsil müəssisələrinin coğrafiya müəllimləri və digər rayon fəalları ilə görüşüb.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov rayonun sosial-iqtisadi, demoqrafik vəziyyəti, son illər qazanılmış nailiyyətləri barədə məlumat verib.
Akademik R.Məmmədov “Coğrafiya İnstitutunun dünəni, bu günü və sabahı” mövzusunda geniş məruzə ilə çıxış edib.
İnstitutun digər alimləri də çıxış edərək ali və orta təhsil müəssisələri üçün coğrafiya dərsliklərinin tərtibi, rayonda qeyri-neft sektorunun inkişafı, rayonun ümumi sosial-iqtisadi problemləri, sudan səmərəli istifadənin zəruriliyi və digər məsələlərdən danışıb, iştirakçıların suallarını cavablandırıblar.
Tədbirin sonunda rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayon rəhbərliyi adından akademik R.Məmmədova minnətdarlığını bildirib, belə tədbirlərin mütəmadi keçirilməsini məqsədəuyğun hesab edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cografiya_Institutunun_70_illik_yubileyine_hesr_olunmus_seyyar_elmi_praktik_konfranslar_kechirilib-865467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR