Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Vilnüsdə keçirdiyi “Avropada əmək münasibətləri və iş zəmanətlərinin nizamlanmasında sosial dialoqun əhəmiyyəti” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Fonddan AZƏRTAC-a bildiriblər k, konfransda “Effektiv fəal əmək bazarı siyasəti - ölkələr üçün Avropa İttifaqının çağırışı”, “Avropa əmək bazarlarının təhlükəsizliyi və uyğunluğunun axtarılması” və digər mövzular ətrafında müzakirələr aparılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri Aynur Camal, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da konfransa qatılıb.
Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti ölkələrinin nümayəndələri ilə həm ayrı-ayrılıqda, həm də konfrans daxilində bir sıra əhəmiyyətli görüşlər keçirib. Ukrayna, Belarus, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti barədə müzakirələr aparılıb və bu istiqamətdə suallar cavablandırılıb.
Növbəti görüş Azərbaycan, xüsusilə Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində illərlə çalışmış, BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycanın Litvadakı səfirliyində olub. Səfir Həsən Məmmədzadə diplomatik missiyanın gördüyü işlərdən, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının media qurumları ilə əməkdaşlığından söz açıb. O, Riçard Lapaytis və onun kimi digər jurnalistlərlə əməkdaşlığa önəm verdiklərini də vurğulayıb.