"Başçılıq etdiyim meriyanın əlində olan məlumatlara görə, dövlət büdcəsindən maliyyələşən ibtidai məktəblərdə oxuyan şagirdlərin 64,6 faizi Şimali Afrikadan gəlmiş mühacirlərin uşaqlarıdır.
Fransanın cənubundakı Langedok vilayətində yerləşən Bezye şəhərinin meri Rober Menar may ayında "France 2" telekanalındakı populyar "Krossvordlar" (Mots croisés) proqramında çıxış edərkən belə söyləmişdi.

İslama, demokratiyaya və ən nəhayət, Azərbaycana nifrət edən adam...

Bu açıqlamadan sonra qalmaqal qopmuşdu, çünki Fransada vətəndaşların milli və dini mənsubiyyəti ilə bağlı onların uçotunun aparılması qəti qadağandır.
Menara qarşı cinayət işi qaldırıldı, istintaq başladı. Qalmaqalı daha da gücləndirən məqam son bələdiyyə seçkilərində Menara ifrat radikal və şovinist, irqçi "Milli Cəbhə"nin dəstək verməsi idi. Rober Menar Fransada neofaşistlər yığnağı kimi tanınan bu qurumun üzvü olmasa da, Jan Mari Le-Penin yaratdığı siyasi struktur Menarı "özününkü" saymış, onun ifrat millətçi və şovinist açıqlamalarından vəcdə gəlmişdi.

"Əgər oğlanın adı Məhəmməddirsə..."

Qalmaqal başlayandan sonra Rober Menar mətbuat konfransı keçirərək məktəblərdəki şagirdlərin dini və irqi mənsubiyyətləri ilə bağlı araşdırmalar aparmadığını söylədi: "Nə meriyanın kompüterlərində, nə də sənədlərində belə statistika yoxdur".

Amma az sonra Rober Menar maskasını çıxardı və dedi: "Əslində, belə statistikaya kəskin zərurət də yoxdur. Meriyanın təhsil departamentində bütün şagirdlərin siyahısı var və oradakı adlara baxaraq kimin hansı millətə, hansı dinə mənsub olduğunu dərhal anlamaq olar. Məsələn, əgər oğlanın adı Məhəmməddirsə, bir qayda olaraq bu uşaq Şimali Afrikadan olan mühacirlərin övladıdır. Bundan başqa, etnik-dini mənsubiyyətlə bağlı statistika əhali ilə işdə gərəkdir. Şəhərimizdə elə vəziyyət yaranıb ki, əhalinin bir qismi öz müsəlman, ərəb aləminə qapılıb və cəmiyyətə inteqrasiya olunmur. Bu müsəlmanlar fransız dilini pis bilirlər. Onların övladları məktəblərdə fakultativ qaydada fransız dilini öyrənmirlər, elə öz türk və ya ərəb dillərində danışırlar. Anası fransız dilində danışmayan uşağı Fransa cəmiyyətinə inteqrasiya etmək mümkün deyil. Məktəbdə isə bu uşağın sinif yoldaşları və dostlarının 75 faizi onun kimidirsə, vəziyyət lap pisdir".

İrqçi və ksenofob olduğunu gizlətməyən Menar daha sonra onu tənqid edənləri, xüsusilə də sosialistləri "əxlaqsız, ikiüzlü adamlar" adlandırıb.

Bezye şəhərinin meri deyib: "Lill şəhərinin meri, sosialist Martin Obri "şəhər sakinlərinin 35 faizi müsəlmanlardır" söyləyirsə, o, həmin rəqəmləri haradan alıb?! Baş nazir Manüel Vals hələ Evri şəhərinin meri olanda "şəhərdə müsəlmanlar həddən artıqdır və məncə, "ağlar"ın sayını artırmaq gərəkdir" söyləyirdisə, bu, irqçilik deyildimi?! Maraqlıdır, sosialist, solçu merlər məktəblərdə müsəlman şagirdlər üçün "halal" yeməkxanalar təşkil edəndə hansı statistikaya əsalanırlar? Onlar məktəbdəki müsəlman şagirdlərin sayını haradan bilirlər?!"

Rober Menar bununla da sakitləşməyib. O, BFMTV telekanalının studiyasında olarkən deyib: "Müsəlmanların sayı çoxdur, yaman çox. Şəhərimizdə istənilən həbsxanaya girin və məhbusların simalarına baxın. Görəcəksiniz ki, onların əksəriyyəti ərəblər, türklərdir".

Ah, köhnə tanış....

Rober Menardan niyə yazıram? Müsəlmanları təhqir etdiyinə görəmi? Bəlkə, ifrat sağçı, şovinist, neofaşist olduğuna görə? Yaxud islamofob çıxışlar etdiyinə, şəhərdəki müsəlman şagirdlərin statistikasını aparmaq istədiyinə görə?!

Həm də bunlara görə. Dünyanın istənilən ölkəsində, istənilən şəhərində hər hansı səbəbə və ya məqsədə görə vətəndaşların irqi, milli və ya dini zəmində "statistika"sının aparılması əslində "təhlükəli" sayılan insanların "qara siyahı"sının tutulmasıdır.

Orta əsrlərdə Avropada "əcinnə"lərin, "katolikliyə şəkk gətirən yeretik"lərin, 20-ci əsrin 30-40-cı illərində isə Almaniyada yəhudilərin belə siyahısı tutulurdu.

Dini və ya milli zəmində statistikanın aparılıb siyahının tutulmasından sonrakı məntiqi, tarixdə dəfələrlə baş vermiş addım həmin siyahıdakı adamların xüsusi nişanlarla fərqləndirilməsi, daha sonra onların "əsas əhali"dən təcrid olunması, lap sonucda məhv olunmasıdır.

Orta əsrlərdə İspaniyada, Oranjda, Fransada "yeretik"lər, qugenotlar, avelitlər, akefallar, borboritlər, apellyanlar, kainitlər, katarlar, ofitlər, sifianlar, tatianlar, markionitlər, lüteranlar, protestantlar və s.-lər inkvizisiyaya, qətliamlara, qırğınlara məruz qaldılarsa, 20-ci əsrdə faşistlər yəhudilərə divan tutdular, Holokost kimi məşum soyqırımı gerçəkləşdirdilər.
Qərbdə indi sosial bəlaya, düşüncə iflicinə çevrilmiş islamofobiya Fransada da geniş yayılıb və bu səbəbdən də Rober Menar tək deyil.
Ona görə də həmin adam barəsində sadəcə, müsəlmanlara nifrət etdiyinə görə uzun-uzadı yazmağa da dəyməzdi.
Layiq deyil belələri uzun-uzadı şərhlərə.

Rober Menar fərqlidir

O "Sərhədsiz Reportyorlar" (Reporters Sans Frontières, RSF) adlı beynəlxalq təşkilatın banisi olub.
62 yaşlı Menar RSF təşkilatını 1985-ci ildə yaratmışdı. Qurumun adı "Sərhədsiz həkimlər" təşkilatından plagiat, oğurluqdu və bu, RSF yarananda qalmaqala səbəb olmuşdu.
Amma Menarın vecinə də deyildi, çünki o, aldığı tapşırığı və sifarişi yerinə yetirirdi.

Sifariş ABŞ-ın Dövlət Departamentindən gəldiyindən, Menar Fransada kimsədən qorxmurdu və mənəviyyat, vicdan, etika kimi anlamlar onun nəzərində köhnəlmiş sözlər, mitili çıxmış anlayışlardı.
O, bütün dünyada söz azadlığı, jurnalistlərin hüquqları uğrunda mübarizə apardığını deyirdi.
Amma ikiüzlü idi cənab Menar.

İslama, demokratiyaya və ən nəhayət, Azərbaycana nifrət edən adam...

Məsələn, Rue89 illər əvvəl yazmışdı ki, Menar "yalançı, şərəfsiz, ləyaqətsiz insandır": "Bu adam "France Culture"a verdiyi müsahibəsində jurnalist Deniel Perlin oğurlanmasından bəhs edəndə işgəncələrə haqq qazandırıb və faktiki olaraq heç bir səbəb olmadan insanları terrorçu sayaraq onları işgəncələrə, əzablara məruz qoyan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin cinayətlərini ört-basdır etməyə, pərdələməyə can atıb. Söz azadlığı, mediada demokratik dəyərlərdən danışan, müxtəlif ölkələrdə həbs oolunmuş jurnalistlərin hüquqlarını müdafiə etdiyini söyləyən insanın belə davranışına nə ad vermək olar?!"

Pekindən Bakıyadək...

Bakıda keçirilən 1-ci Avropa Oyunlarını sərt tənqid edən, Azərbaycan hakimiyyətini az qala Şimali Koreyadakı diktatura ilə eyniləşdirən və ölkədəki "siyasi məhbus probleminin ağır vəziyyətə çatmasın"dan bəhs edənlər arasında Rober Menar xüsusi yer tutur.
Amma təəccüblənməyə dəyməz, çünki cənab Menar idmanı siyasətə qarışdırmaq kimi naqis işlərdə ustadır.

2008-ci ilin martın 24-də o, RFS-in iki fəalı ilə birlikdə Pekin Olimpiadasının məşəlinin yandırılmasına mane olmaqda suçlanaraq tutulmuşdu.
Menar Tibetdə insan haqlarının pozulmasına etiraz edirdi.

İslama, demokratiyaya və ən nəhayət, Azərbaycana nifrət edən adam...

Ola bilər, amma az sonra bu etirazların ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirildiyi üzə çıxdı.
Bir qədər keçdi, "Sərhədsiz Reportyorlar", yəni RSF ABŞ-ın Florida ştatında yaşayan kubalı mühacirlərlə fəal əməkdaşlığa başladı. Əməkdaşlıq az sonra Kubanın hakimiyyət dairələrinin sərt tənqidinə çevrildi.
Və yenə də bəlli oldu ki, belə "vicdan səsi"nin, "demokratiyaya çağırışlar"ın arxasında ABŞ Dövlət Departamentinin birbaşa sifarişi durur.

2008-ci ilin sentyabrında RSF-in baş katibi postunu qalmaqallara görə tərk edən Rober Menar elə həmin ilin oktyabrında Qətərin paytaxtı Dohada yaradılmış "Media Azadlığı Mərkəzi"nin (Doha Centre For Media Freedom) təşkilatının baş direktoru seçildi.
Bu təşkilatın saytı həvəskar yeniyetmənin bloqunu xatırladır. Zövqsüz, primitiv, minimum informasiya.
Halbuki sadəcə, saytın yaradılmasına guya 430 min avro xərclənib. Həmin pulların haraya və necə sərf olunduğunu cənab Menardan soruşmaq gərək...

Rober Menar islamofob olmaqla yanaşı, media azadlığına, azad sözə nifrət edir.
"Siz jurnalistsinizsə, hər şeydən və hər kəsdən yaza biləcəyinizi düşünürsünüz?! Həbsə atdıraram səni, ağlın başına gələr. Rədd ol, çıx bayıra!" - bu sözləri Rober Menar mer seçiləndən sonra yerli jurnalistlərdən birinə söyləmişdi.

Sərhədsiz reportyorlar, yoxsa sərhədsiz yalan və tamah?

"Dünya Media Azadlığı İndeksi", "Azad Medianın Düşmənləri", "Söz Azadlığının Qənimləri"... Bunlar RSF-in hazırladığı və Azərbaycandakı "azad söz aşiq"lərinin də həvəslə iqtibas gətirdikləri reytinqlərdir.
O reytinqlər ki, Azərbaycan hakimiyyəti az qala adamyeyən, ölkəmiz "istibdadda inləyən biçarə məkan", mediamız isə "lal və kar" kimi qələmə verilir.

Bu reytinqlərin yalan, RSF-in sifarişləri yerinə yetirən təşkilat, bu təşkilatiın sabiq rəhbəri və Bakıya düşmən kəsilmiş adam kimi ad çıxarmış Rober Menarın da fırıldaqçı olduğunu yazsam, nə olar?
O olar ki, dərhal "hakimiyyətin sifarişini yerinə yetirmək"də suçlanacağam bəlli dairələr tərəfindən, Menar da az qala ağ qanadlı mələk kimi qələmə verilərək vəsf ediləcək.

Bəs yaxşı, ABŞ-ın Şimali Karolina ştatındakı media mənsubları arasında nüfuzu ilə xüsusi seçilən, "Northern California Media Guild" təki məşhur təşkilatın "vicdan səsi" sayılan xanım Dayana Barahona (Diana Barahona) bəs necə, o da Menara düşmən kəsilib?
Kuba müxalifətinin ABŞ-dakı liderlərindən biri Hernando Kalvo Ospina "Hernando Calvo Ospina, Bacardi: The Hidden War, London" kitabını 2002-ci ildə dərc etdirərək Rober Menarı ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinə nökərçilikdə, casusluqda və marionetkalıqda suçlayanda da qərəzli idi?

Ən nəhayət, "Paris Daily"nin prezidenti Robert Meyssan "Rober Menar söz və media azadlığı kəlmələri ilə pərdələnərək naqis işlərlə məşğuldur: onun təşkilatının hazırladığı çoxsaylı reytinqlər sifarişlərin yerinə yetirilməsi, böyük dövlətlərin geosiyasi maraqlarının ani təzahürlərinin inikasıdır" deyəndə də səhv edirdi?

Rober Menar Azərbaycanda "söz azadlığının boğulduğunu, jurnalistlərin məqalələrə və araşdırmalara görə həbsxanalara atıldıqlarını" iddia edəndə tanınmış jurnalist Jan-Qay Allar (Jean-Guy Allard) Menar, habelə RSF barədə "El expediente Robert Ménard: Por qué Reporteros sin Fronteras se ensaña con Cuba, Quebec: Lanctôt, 2005" adlı kitabını çap etdirərək "söz azadlığını böhtan və jurnalistlərin hesabına pullar qazanmaq azadlığına çevirmiş adam" ifadəsini gündəmə gətirmişdi.

"Sərhədsiz Reportyorlar"ın, yəni RSF-in Vaşinqtondakı nümayəndəsi Lüsi Morillon da etiraf edib ki, "Azərbaycan, Kuba, Rusiya kimi ölkələr"ə qarşı kampaniyanın maliyyələşdirilməsində "müəyyən vaxtlar"da ABŞ-ın Dövlət Departamenti aktiv iştirak edib.

RSF-in Azərabycana qarşı kampaniyalarını müxtəlif illərdə "Saatchi and Saatchi", "Vivendi Universal Publishing", "Publicis Groupe" şirkətləri, habelə ABŞ-dakı Amerika Erməni Assambleyası, "The Armenian General Benevolent Union", habelə Fransa, Yunanıstan, Argentina, Çili, Meksikadakı 6 erməni diaspor təşkilatlarının maliyyələşdirdikləri də iddia olunur.

"The Armenian General Benevolent Union"un rəhbəri Perç Serdakyan isə Rober Menarla "dost, sirdaş və tərəfdaş" olduğunu dəfələrlə vurğulayıb.

... Rober Menar meri olduğu Bezye şəhərində müsəlman şagirdləri saymaqla məşğuldur. Demokratiya və insan haqlarından danışan insan yenə də batinini faş edib, kimliyini ortaya qoyub.
Görək bu dəfə o hansı bəraətlərə əl atmağa çalışacaq...

Elçin Alıoğlu
Milli.Az