Bakı, 23 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı Yerevanda minlərlə vətəndaş elektrik enerjisi tariflərinin artırılması ilə əlaqədar etiraz aksiyaları keçirib. Aksiyalar zamanı polis vətəndaşlara və jurnalistlərə qarşı zorakılıq nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif KİV-ləri jurnalistlərə və vətəndaşlara qarşı zorakılığı pisləyərək bu iğtişaşların sabitliyə təhlükə yaratdığını qeyd ediblər.
“Associated Press” agentliyinin məlumatında deyilir ki, polis su şırnaqları vasitəsilə prezident sarayına doğru irəliləyən təxminən 5 min Ermənistan vətəndaşının qarşısını kəsərək rezin dəyənəklərlə onlara zor tətbiq edib.
“Reuters”in məlumatına əsasən, iğtişaşlar zamanı 237 nəfər saxlanılıb, yeddi nümayişçi isə xəsarət alıb.
“Frans Press” agentliyinin məlumatında bildirilir ki, qonşu Türkiyə və Azərbaycanla sərhədlər bağlı olduğundan Ermənistanda iqtisadi vəziyyət çox ağırdır.