Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bu gün Rumıniyanın Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRI) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclası keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, AGRİ layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunmuşdur.

AGRİ layihəsi üzrə Nazirlər iclasını açıq elan edən Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerea bildirmişdir ki, regionda baş verən son geosiyasi proseslər fonunda bu layihənin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir.

Öz növbəsində AR energetika naziri Natiq Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşurutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat vermişdir. Nazir SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunmuş, SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirmişdir.

Gürcüstanın energetika nazirinin müavini xanım Mariam Valişvili ölkəsinin adıçəkilən layihənin həyata keçirilməsinə verdiyi önəm və dəstək barəsində tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra, Böyük Britaniyanın “PENSPEN” şirkəti tərəfindən AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair tədbir iştirakçıları üçün qısa təqdimat edilmişdir.

Müxtəlif işçi sessiyalar üzrə işini davam etdirən iclasda qeyd edilən layihənin gələcək taleyi, həyata keçirilməsi və regionun enerji təhlükəsizliyində oynaya biləcəyi rol ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə olunmuşdur.

İclasda çıxış edən "BP" şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse - prezidenti Joe Murphy qeyd etmişdir ki, AGRİ layihəsi Cənub Qaz Dəhlizinə əlavə komponenti olaraq baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

İclasın sonunda AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilmişdir. Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az