Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan edib

Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan edib
12:17 23 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:12 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu il yanvarın 26-dan fevralın 5-dək Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə məlumat verən DƏMX rəisi Fuad Əlizadə ongünlüyün keçirilməsi ilə bağlı müvafiq Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb.

 

F. Əlizadə bildirib ki, “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsində məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaq, əməyin mühafizəsi sahəsində mövcud olan nöqsanların aradan qaldırılmasını və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etməkdir. Xidmət rəisi qeyd olunan dövrdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinin də həyata keçiriləcəyini vurğulayıb: “Respublikanın bölgələrində işəgötürənlərin iştirakı ilə əməyin təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masalar, seminar-müşavirələr, görüşlər keçiriləcək. Eyni zamanda, DƏMX, sosial tərəfdaşlar, sığorta şirkətləri və müəssisələrin nümayəndələri ilə birgə əməyin mühafizəsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirəsi üçün tədbirin keçirilməsi  də nəzərdə tutulur”. F.Əlizadə qeyd edib ki, televiziya kanallarında ongünlüyün mövzusuna uyğun məsələlərə dair videoçarxlar nümayiş etdiriləcək, mərkəzi küçə və meydanlarda, əhalinin sıx olduğu yerlərdə aidiyyatı reklam lövhələri yerləşdiriləcək. Həmçinin KİV-lərdə əməyin mühafizəsi mövzusunda maarifləndirici materialların, ongünlük çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatların yayımı təşkil olunacaq.

 

Xidmət rəisi əlavə edib ki, bu tədbir işəgötürənlərin və işçilərin, ümumən cəmiyyətin diqqətini əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə yönəldilməsini nəzərdə tutur: “Ongünlük ərzində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və sənaye müəssisələrində, iş qəzaları riskinin böyük olduğu digər istehsalat sahələrində əməyin mühafizəsi ilə bağlı dövlət nəzarəti tədbirləri həyata keçiriləcək. Cənab Prezidentin müvafiq Sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi nəzərə alınaraq, dövlət nəzarəti tədbirləri kənd təsərrüfatı subyektlərini də əhatə edəcək. Dövlət nəzarəti tədbirləri nəticəsində müəssisələrdə əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görüləcək”.

 

Xatırladaq ki, bundan öncə DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq ötən ilin sentyabrında “Təhlükəsiz iş həftəsi” elan edilib. Həmin həftə ərzində müvafiq mövzuda çoxşaxəli maarifləndirmə tədbirləri ilə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrində əməyin mühafizəsi vəziyyəti araşdırılıb, aşkar edilən nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR