Kürdəmir, 13 iyul, AZƏRTAC
Kürdəmir rayonunda kartofçuluq ildən-ilə inkişaf edir və son illər bölgənin bir sıra ərazilərində, xüsusən Kürqırağı sahələrdə sakinlər təkrar əkinə böyük maraq göstərirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin yazında yetişdirilən 1214 hektar sahədən 12 min 250 ton kartof istehsal edən torpaq mülkiyyətçiləri bir sıra ərazilərdə təkrar əkinə hazırlaşırlar. Payızlıq kartof əkininə Kürqırağı kəndlərin, o cümlədən Mehdili, Axtaçı, Qocalı, Köhünlü və bir sıra digər ərazi nümayəndəliklərinin sakinləri böyük maraq göstərirlər. Son illər bu ərazilərdə orta hesabla 4000-5000 ton payızlıq kartof istehsal olunur.
Hazırda təkrar kartof əkininə ciddi hazırlıq işləri aparılır. Belə ki, şum qaldırılır, şum altına üzvi gübrə verilir, toxum tədarük olunur. İyulun axırlarından etibarən əkinə başlanacaq. Cari mövsümdə azı 400 hektarda əkin aparılacaq ki, bu da ötən ildəkindən 70 hektar çoxdur.