Baki Idman Sarayinda tikinti islerinin son merhelesidir

Baki Idman Sarayinda tikinti islerinin son merhelesidir
17:08 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Bakı İdman Sarayında (keçmiş Əl Oyunları Sarayı) “Baki-2015” birinci Avropa Oyunları zamanı stolüstü tennis və badminton üzrə yarışlar keçiriləcək. Hazırda bu idman obyektində həyata keçirilən yenidənqurma işləri son mərhələdədir.
“Bakı-2015” birinci Avropa Oyunları Obyektlərin İdarə olunması Departamentinin Əməliyyatlar üzrə meneceri Günel Yüzbaşova AzərTAc-a müsahibəsində Bakı İdman Sarayında santexniki işlərin artıq tamamlandığını, beton işlərinin isə yekunlaşmaq üzrə olduğunu bildirib.
Onun sözlərinə görə, Avropa Oyunlarından sonra isə bu idman sarayında voleybol, basketbol və digər əl oyunları təşkil olunacaq.
Buradakı final yarışlarını 1000-1200 tamaşaçının izləyə biləcəyini söyləyən Günel Yüzbaşova bildirib ki, stolüstü tennis yarışlarında 128, badmintonda isə 160 idmançı mübarizə aparacaq. İdmançılar “Atletlər kəndi” adlanan ərazidə qalacaqlar, onları aparıb gətirmək üçün nəqliyyat vasitələri – xüsusi avtobuslar ayrılacaq.
Bakı İdman Sarayında idmançılar üçün yeməkxana və geyinib-soyunma otaqları da nəzərdə tutulub. Burada fəaliyyət göstərəcək mətbuat mərkəzi isə 55 nəfərə hesablanıb. Media nümayəndələrinin rahat işləməsi üçün hər cür şərait yaradılıb.
G.Yüzbaşova idman sarayının mərkəzi girişində tamaşaçılar üçün yemək və içkilərin satılacağı mağazanın, eləcə də bankomatların quraşdırılacağını söyləyib.
Əvvəllər burada liftin olmadığını xatırladan G.Yüzbaşova yenidənqurma işləri zamanı müasir liftlərin qurulduğunu bildirib. Bakı İdman Sarayında Avropa Oyunları sponsorlarının reklamlarının yerləşdirilməsi də planlaşdırılıb.
Yenidənqurma işlərinin yazın sonuna tamamlanacağı gözlənilir.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Idman_Sarayinda_tikinti_islerinin_son_merhelesidir-827065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR