Güləşçilər tərbiyə müəssisəsində islah olunan uşaqlarla görüşüblər

Güləşçilər tərbiyə müəssisəsində islah olunan uşaqlarla görüşüblər
17:18 23 Yanvar 2015
1003 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi ilə 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində islah olunan uşaqlar və yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionları ilə görüşü keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə qonaqlar müəssisədə yaradılan şəraitlə tanış olublar.
Tədbirdə çıxış edən müəssisənin rəisi, polkovnik-leytenant Araz Rzayev qonaları salamlayıb, görüşün əhəmiyyətindən danışıb. O, görüşün müəssisədə islah olunan uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağını bildirib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyinin federasiyalarla birlikdə mütəmadi olaraq belə görüşlər təşkil etdiyini deyib. O, fevralın 2-də qeyd olunacaq Gənclər Günü ilə əlaqədar hazırlanan tədbirlər planının ilk olaraq yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsindən başlanmasının təsadüfi olmadığını bildirib. Qeyd edib ki, Gənclər Günü ilə bağlı respublikamızın müxtəlif yerlərində tədbirlər keçiriləcək. İlk tədbirin buradan başlaması heç də təsadüfi deyil. Biz sizin idmançılarımızla görüşüb ünsiyyət yaratmağınızı, onların uğurları barədə məlumat almağınızı və bu gənclərimizi örnək götürərək gələcəkdəki fəaliyyətinizdə daha da diqqətli olmağınızı istəyirik. Heç kim səhvlərdən sığortalanmayıb. Bu müəssisədə müəyyən zaman keçirəndən sonra yenidən azadlıqda olacaqsınız. Səhvlərdən nəticə çıxararaq qanunlara daha yaxın olun ki, uğur qazana biləsiniz.
AGF-nin baş katibi Əjdər Cəfərov müəssisədə islah olunan uşaqlar üçün yaxşı şərait yaradıldığının, rəhbərliyin uşaqlara xüsusi diqqət və qayğı göstərdiyinin şahidi olduqlarını bildirib. O, islah olunan uşaqların azadlığa qovuşduqdan sonra bir daha səhvlərə yol verməmələri üçün bu görüşün əhəmiyyətli olacağını deyib. Qeyd edib ki, həyatda hər kəs səhv edə bilər. Ancaq bu səhvlərdən dərs çıxarmaq lazımdır. Azadlığa qovuşandan sonra ölkəmiz üçün layiqli vətəndaş olmağa çalışın. İdmançılarla ünsiyyət qurun. Onların qazandıqları uğurlar barədə soruşun. Sizin həyatınız hələ irəlidədir. Buradan azadlığa çıxanda bir daha səhvlərə yol verməyin. Bəzilərinizin idmana da həvəsi ola bilər. Siz istədiyiniz sahədə uğur qazana bilərsiniz.
Daha sonra tədbir müğənnilərin iştirakı ilə davam edib və müəssisədə islah olunan uşaqlara AGF-nin hədiyyələri təqdim olunub.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR