Bakı, 16 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Çukariçki” (Serbiya) ilə səfər oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, ukraynalı mütəxəssis belə oyunlarda əvvəldən favorit və ya şanssız komanda haqda danışmağın düzgün olmadığını bildirib. Qeyd edib ki, mərhələnin startına qədər şanslar bərabər olur. “Çukariçki” haqda kifayət qədər məlumatımız var. Çox ciddi rəqibdir. Onlar bir mərhələ adlayıb ki, bu da fikrimi təsdiqləyir. Rəqibin oyunçu seçimi, məşqçi işi, oyunun təşkili, komandada görülən iş aydın görünür.
Baş məşqçi deyib: “Çukariçki” aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malik komanda xeyli müddət oynaması ilə seçilir. Komanda rəqibi təzyiq altında saxlamağa çalışır. Top sürətlə rəqib qapısı önünə çatdırılır, komanda güclü mübarizə aparır. Bilirik ki, çox çətin oyun olacaq. Azərbaycanın aparıcı klubları hücum futbolu nümayiş etdirib, baxımlı, məzmunlu, maraqlı və kombinasiyalı oyun sərgiləyir. Bizim oyun üslubu hücum futboludur. İstəyirik ki, hücumda daha çox vaxt keçirək, rəqib qapısı önündə oynayaq. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. “Çukariçki” ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq əminik ki, bizim üstünlük verdiyimiz və nail olmaq istədiyimiz üslub nəticə verir. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var. İndi mübarizə apardığımız turnirin qalibi olan futbolçu – Aleksey Qay da komandamızda çıxış edir. Beynəlxalq oyunlar təcrübəsinə malik futbolçuların heyətdə olması yaxşıdır”.
“Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-da Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyunu rumıniyalı baş hakim Radu Petresku idarə edəcək.