Azərbaycan, Bakı, 16 iyul /Trend/

Müəllif Hüquqları Agentliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazıları şərh edib.

Trend-in Agentliyin saytına istinadən verdiyi məlumata görə, şərhdə qeyd olunur ki, son zamanlar erməni kütləvi informasiya vasitələrində uydurma Artsaxda (Azərbaycan Respublikasının Yuxarı Qarabağda işğal olunmuş ərazilərində) Qarabağ atlarının yetişdirilməsi ənənələri barədə artan xəbər və məqalələr təhrif olunmuş əsərciklərdir və “nağıllar əsasında” qurulmuş erməniçiliyin daha əvvəllərdən məlum olan cəfəngiyyatının davamıdır. O cümlədən, “At qədim ermənilərə Allah tərəfindən göndərilmişdir, (ermənilərə aidiyyəti olmayan) Nairi (Urartu) panteonunun tanrılarından biri – müharibə tanrısı Teyşeb at belində təsvir olunmuşdur”, yaxud “öz atına sevgiyə görə gözləri çıxardılmış Tiqran-çar haqqında” yalanlar da bu qəbildəndir.

Qeyd olunur ki, erməni “ayrarat at cinsi”nin digər ölkələrə ixracı barədə uydurmaları, yaxud “ayrarat” cinsindən yeni cinslərin yetişdirməsi, o cümlədən VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən, ərəb atlarından və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadokiyada yetişdirilən yeni majak cinsi əmələ gəlməsi”, XIII əsrdə monqol-tatar basqınından isə “hərbi işlərdə istifadə olunan qardıman atları”nın peyda olması və s. heç də az diqqətə layiq uydurmalar deyillər. Bu cür uydurmaların “tacı” “Qarabağ atlarını ermənilər İranda yetişdirirdi”, ona görə ki, Osmanlı türklərin hakimiyyəti altında “ermənilərin (öz virtual atlarının) cinsini təkmilləşdirmək imkanları yox idi” uydurmasıdır.

Agentlik bildirir ki, bununla bərabər, tarixi faktlar və sənədlər tamamilə başqa şeydən bəhs edir. O cümlədən, Azərbaycan ərazisində tapılan və inadla ermənilər tərəfindən oğurlanan çox saylı “Daş at” heykəlləri. Bu, “Daş qoç” heykəlləri ilə bərabər Azərbaycan xalqı tərəfindən “Oğuz qəbirləri” adlandırılan qəbirlər üzərində daha çox rast gələn qəbirüstü heykəlləridir. Oğuzların qədim qəbirləri üzərində daş at və qoçun qoyulması onların dəfn etmə mərasimləri ilə bağlı olub və at obrazına böyük sitayişin sübutudur.

Azərbaycan ərazilərində tapılmış qəbirüstü abidələrdə tez-tez əli qılınclı atlı və ya ov səhnəsi təsvir olunmuşdur. Daha erkən dövrlərə, məhz orta və son tunc dövrlərinə aid köhnə qəbiristanlıqlarda at skeletləri, ayrıca basdırılmış atlar və atlara aid çoxsaylı bəzək əşyaları (yəhər-qayış, tunc yüyən ağızlığı) tapılmışdır. Misal üçün, Gültəpədə (Naxçıvan) aparılan qazıntının ikinci və üçüncü təbəqələrində atsümükləri aşkar edilmiş, özü də üçüncü təbəqədə tapılan əhliləşdirilmişatın sümükləri olmuşdur. At skeleti və at qoşqu ləvazimatları Azərbaycanın başqa qəbiristanlıqlarında, xüsusən də Qarabağda, Xanlar yaxınlığında tapılmışdır. Qazıntılar zamanı o vaxtın adəti kimi at totemi Naxçıvanda, Qarabağda, Mingəçevirdə, Gəncədə və s. yerlərdə aşkar edilmişdir. Mutan düzənliyində aparılan qazıntılar zamanı tapılmış qədim dövrlərə aid olması güman edilən at cəsədlərininqalıqları da təsdiq edir ki, Azərbaycan atları əhliləşdirən regionlardanbiri olmuşdur, bizim əcdadlarımız dünya atçılığının əsasınıqoyanlar sırasında olmuşlar. Bütün bunlar b.e.ə. II minilliyə aid edilir.

Bu da təsadüfi deyildir, çünki atlar o yerdə yetişdirilir ki, onlara qarşı xüsusi münasibət olur və bu, nəinki arxeologiyanın maddi dəlillərində, eləcə də etnik yaddaşda və genlərdə saxlanılır.

Qobustanın qayaüstü təsvirləri ilə yanaşı, folklorumuz və yazımız da bunları sübut edir. “Dədə-Qorqud” eposunda at igidin-pəhləvanın birinci sərvətidir, “Koroğlu” dastanında sahibinin hədsiz dərəcədə sevdiyi məşhur Qırat obrazını xatırlayın. Digər Azərbaycan dastanlarında at kultu od və dənizlə müqəddəsləşdirilən mifik köklərə gedib çıxır. Buna aid atalar sözləri və məsəlləri vardır: “atı yerişindən, qəhrəmanı duruşundan tanıyarlar”, “igid odur, atdan düşə atlana, igidodur hər zəhmətə qatlana” və s. Azərbaycanlıların etnik əcdadları oğuzlar at belində doğulmuş, ömrü boyu at belində olmuş və at belindədə ölmüşlər. Bir sözlə, at Azərbaycanın sərvətlərindən biridir,Azərbaycan məişətinin yaxın keçmişindən ayrılmayan bir anlayışdır.

Azərbaycan atları ərazimizin dövlət quruluşuna müvafiq olaraq nisey, midiya kimi adlanmışlar, sonralar-Orta əsrlərdə Qarabağ atları kimi şöhrət qazanmışlar. Onlar qədim dövrlərdən döyüş şöhrətli olmuşlar.

Məşhur alim İ.Dyakonovun yazdığı kimi, atçılıq və yüngül ikitəkərli döyüş arabası Urmiyaətrafı rayonlarda III minilliyin axırlarından gec olmayaraq yayılmağa başlamışdır. Xəzərdən və Urmiyaətrafı bölgədən qərbə doğru Nisey düzənliyinin Azərbaycanın tarixi ərazisinə birbaşa aidiyyəti vardır. Hər il hökmdarların tövlələrinə 20 mindən az olmayaraq seçmə at göndərilirdi. Məhz bu atlar b.e.ə. VI-V əsrlərdə Midiya qoşununun əsas zərbə qüvvəsini (cəng arabaları və süvarilər) təşkil etmiş, Assuriya hakimiyyətini məhv etməkdə, Urartu və Mannanı özünə tabe etməyə nail olmaqda Midiya çarlığına imkan vermişdir.

Katerino Zenonun yazdığına görə, Orta əsrlərdə Azərbaycan hökmdarı Uzun Həsən öz qoşununda 300 min, lazım gəldikdə isə daha çox süvari çıxara bilirmiş. Təsadüfi deyildir ki, Azərbaycan Səfəvilərinin yerli atların dövlət hüdudlarından kənara çıxarılmasına qadağa qoymuşdular.

Düz XX əsrə qədər Qafqazın ən gözəl və nəcabətli at cinsi ərəb və axaltəkin qarışığı olan Qarabağ atları sayılırdı. Qarabağ cinsinə burada-vətənində Köhlən adı vermişdilər.

Bu atları bəylər və knyazlar minirdilər, onların qiymətini bütün Cənubi Qafqazda, Kiçik Asiyada və Rusiyada bilirdilər və bu atlar tez-tez İran atı adı altında hədiyyə və hərbi qənimət kimi istifadə olunurdu.

Bu cins dünyada ən qədim cinslərdən biridir. Bu cinsdən olan atlar orta boylu, gözəl başlı, qızılı rəngə çalan, sarı-qırmızı rəngli və yaxşı inkişaf etmiş əzələli atlardır. Yüz illər boyunca Qarabağ xanlarının tövlələrinin fəxri olmuş bu at cinsi müstəsna dözümlülüyünə və sahibinə sədaqətinə görə fərqlənmiş, dağ yollarında əvəzolunmaz olmuşdur.

Rus çarı I Nikolayın atı da həmin cinsdən idi. 1956-cı ildə sovet hökuməti İngilis kraliçasına “Zaman” ləqəbli atı hədiyyə kimi təqdim etmişdir. “Xan” ləqəbli gözəl qızılı sarı-qırmızı rəngli ayğır 1867-ci ildə Paris Beynəlxalq Sərgisində nümayiş etdirilmiş və gümüş medal qazanmışdır.

Bir sözlə, Qarabağ atları yalnız qızılı, sarı - qırmızı rəngli olurdu, buna görə də onları tez-tez “sarlar” adlandırırdılar. Qızılı qonur rəngli quyruğu və yalı ilə fərqlənən nadir “narınc” rəngli atlar da var idi.

Xalis qanlı ingilis cinsinin Avropada oynadığı rolu Qarabağ at cinsi bütün Qafqazda oynamışdır. “Qarabağ atları” digər Azərbaycan cinsinə, “dilboz” atlarına başlanğıc vermişlər, onlar Qarabağ atlarının alınmasında istifadə edilirdi, ancaq “Köhlən”in qanı daha çox Don cinsində hiss olunur. Bu cinsin keyfiyyəti haqqında bir faktı xatırlatmaq lazımdır: 1823-cü ildə ingilislər Qarabağ xanı Mehdiqulu xandan 60 madyan almışdılar. 1866, 1869, 1897-ci illərdə Qarabağ atları beynəlxalq sərgilərdə layiqincə təmsil olunmuş, qızıl və gümüş medallara layiq görülmüşdür.

1869-cu il Ümumrusiya sərgisində Qarabağ ayğırları yüksək mükafatlar almış, “Meymun” gümüş, “Toxmaq” isə “bürünc” medala layiq görülmüşdür. Fotoşəklini ermənilərin mənimsədiyi “Əlyetməz” isə Azərbaycanın son dərəcə gözəl şairəsi Xurşud Banu Natəvan xanıma məxsus idi. Onun həyat yoldaşı Həsənbəy Usmiyev idi. “Əlyetməz” ayğırı elə X.Usmiyevin atçılıq zavodundan çıxmışdır. Əlyetməz nəinki xüsusi tərifnamə ilə mükafatlandırılmış, həm də o, Rusiya at zavodlarının damazlıq atı təyin olunmuşdu. Bu yaxınlarda ermənilər özlərinin “atçılıq ənənələrini” “nəsdiqləyən” poçt markası buraxmışlar, markanın üzərində isə, təbii ki, at fotoşəkili ... Qarabağ ayğırı “Əlyetməz”. Buna əmin olmaq üçün ayğırın çar dövründə çəkilmiş fotosunu Ermənistanın bugünküi markasının üzərindəki təsvirlə müqayisə etmək bəs edər. O dövrün fotoşəkilləri saxlanılır ona görə ki, 1867-ci ilin Ümumrusiya sərgisində Əlyetməz mükafat almışdı və onun şəklinin altında belə bir yazı vardır: “Xanım Usmiyevanın at zavodundan olan Əlyetməz ayğırı”.

Azərbaycanda atçılığın qədim ənənələri bu gün də inkişaf etdirilir. Burada iki at zavodu və iki atçılıq təsərrüfatı vardır. Ancaq qeyd etmək lazımdır ki, Ağdamın Ermənistan tərəfindən işğalı Azərbaycanda atçılığın inkişafına mənfi təsir etmışdir, bu isə atların sayının kəskin, üç dəfəyə yaxın, azalmasına gətirmişdir. Qarabağ atları Bərdə rayonu Lənbəran kəndi ərazisinə köçürülmüş, buranın təbii şəraiti isə - suyu, bitkisi və torpağın özü – onların tarixi məskunlaşma arealını əvəz edə bilməz.

Statistikaya görə, hazırda Azərbaycanda 65 min at vardır. Onlardan 20%-i Qarabağ və 15%-ə qədəri dilboz cinsinə aiddir, qalanları isə qarışıq və ya formalaşma mərhələsindədir. Əlbəttə, Qarabağın
“Köhlən” atları Azərbaycanın at ilxılarının bəzəyidir. Ermənilərin oğurlayıb, şəklini poçt markalarında yerləşdirdikləri “Əlyetməz” də belə “köhlən”lərdən idi.

Bu, “Qədim erməni atçılıq ənənələri” fonunda, o zamanlar ki “Qarabağ ayğırları ermənilər tərəfindən İranda yetişdirilirdi”, Azərbaycanın Qarabağ atları barədə qısa məlumatlardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az