Qax, 17 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Əsrarəngiz təbiət gözəlliklərinə, əlverişli iqlim şəraitinə, eyni zamanda, qədim tarixə və mədəniyyətə malik olan Qax rayonunun yay aylarında qonaq-qarası nəzərəçarpacaq dərəcədə çoxalır. Rayonun mülayim və saf dağ iqlimi, şəfaverici bulaqları, şəlaləri, meşələri, şıltaq dağ çayları, bir sözlə, bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır. Xüsusilə bayram tətili günlərində rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur.
Ramazan bayramı günlərində rayona gələn turistlər otellərdə yaradılan şəraitdən, qiymətlərdən, təklif olunan xidmətlərin çeşidi və səviyyəsindən razıdırlarmı?
AZƏRTAC-ın müxbiri bu və digər suallara cavab tapmaq məqsədilə bayramın ilk günü, iyulun 17-də rayon ərazisində yerləşən bir sıra turizm obyektlərində olub, turistlər üçün yaradılan şəraitlə maraqlanıb.
2011-ci ildə istifadəyə verilən “El Resort” otel kompleksi Qax rayonunda turizmin inkişafına çox böyük töhfələr verir. Otelin əsas özəlliklərindən biri də onun turizm üçün son dərəcə əlverişli, füsunkar bir məkanda, uca dağların qoynunda yerləşməsidir. Qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən bu otel ilin bütün fəsillərində qonaq-qaralı olur. Otelin meneceri Şamil Əfəndiyevin bildirdiyinə görə, Ramazan bayramı günlərində otelə müraciət edənlərin sayı xeyli artıb, boş yer demək olar ki, yoxdur. Gələnlərin əksəriyyəti ailəvi istirahət edənlərdir. Bayramla əlaqədar daimi müştərilərə qiymətlərdə xeyli endirim tədbiq olunub. İstirahətə gələnlər otelin hovuzundan, idman qurğularından, həmçinin yeni istifadəyə verilən boulinq mərkəzindən geniş istifadə edirlər. Otelin sakinlərinə Azərbaycan və dünya mətbəxinə aid yeməklər, həmçinin Qax rayonuna xas olan milli yeməklər, xəmir xörəkləri təklif olunur.
Təbiət qoynuna, rayonun tarixi abidələrinə tur-ekskursiyalar da otelin qonaqlarının ürəyincədir. Ekskursiya rəhbəri Mahir Əfəndinin bildirdiyinə görə, İlisu kəndindəki 75 metr hündürlükdən tökülən “Ramramay” şəlaləsi, XVII əsrə aid “Ulu körpü”, XVIII əsrə aid “Sumuq qala”, XIX əsrə aid “Qalaça” və “Qala bürcü”, Beşbulaq” və digər tarixi abidələr, Ləkit kəndindəki VI-VII əsrlərə aid alban məbədinin qalıqları, Qum kəndindəki V əsrə aid “Qum bazilikası”, VII-VIII əsrlərə aid “Sırt qalası” və digər tarixi abidələr, həmçinin Qax şəhərindəki “İçəribazar” qala kompleksi ilə tanışlıq turistlər tərəfindən böyük maraqla qarşılanır.
“İlisu” pansionatı da turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Turistlər buradakı qiymətlərdən çox razılıq edirlər. Gündə üç dəfə yemək də daxil olmaqla bir turistin oteldə bir günlük qalmaq xərci cəmi 30 manat təşkil edir. Bu qiymət digər istirahət məkanları ilə müqayisədə xeyli aşağıdır və turistləri tam qane edir.
İsmətxanım Hüseynova Qax rayonuna istirahətə Bakı şəhərindən gəlib. Ailəsi ilə birlikdə “İlisu” pansionatında qalır. O bildirib ki, Qax rayonuna ilk dəfə bir ay bundan əvvəl səfər ediblər. Bu diyar onların çox xoşuna gəldiyi üçün təkrar bura gəliblər.Onun dediyinə görə, dincəlmək üçün burada hər cür şərait vardır. Uşaqlar üçün yelləncəklər quraşdırılıb, hovuz daima fəaliyyət göstərir. Gündə 3 dəfə yemək verilir. Bakı sakini bildirib ki, buranın təbiət gözəllikləri, təmiz havası hamını valeh edir.
İlisu kəndindəki XVII əsrə aid “Ulu körpü”nün üstü yay aylarında hər daim qələbəlik olur. Turistlər burada xatirə fotoları çəkdirməyi çox sevirlər.
Türkiyəli qonaq Bahadır Akanla söhbətləşirik. Bahadır bəy 7 ildir ki, Bakıda yaşayır və işləyir. Qaxa daha 2 türk ailəsi ilə də onunla birlikdə gəlib. Türkiyəli qonaq deyib: “Qax Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada ilk dəfədir ki, oluruq. Havası, suyu, meşələri, uca dağları, yaşıllığı, bir sözlə, hər şey çox əladır. Hər kəsi buraya dəvət edirəm. Gəlsinlr, öz gözləri ilə görsünlər. Mənim ailəmə gəlincə, fürsət tapan kimi ilk gələcəyimiz yer şübhəsiz ki, bura olacaq”.
İlisu kəndinin ərazisində yerləşən “Yaşıl park” və digər istirahət mərkəzlərində də bayram tətili günlərində turistlərin istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb.

Bayram tətili ilə əlaqədar Qaxa gələn turistlərin sayında xeyli artım müşahidə olunur