Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyinin icra etdiyi “Sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi yekunlaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə sağlamlıq imkanı məhdud olan şəxslərin xüsusi istedadlarının üzə çıxarılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin onların təhsil imkanlarının artırılması üçün daha optimal yolların təklif olunması məqsədilə həyata keçirilib.
Layihə çərçivəsində Bakı şəhəri üzrə 310, Qazax rayonu üzrə 20, Ağstafa rayonu üzrə 6, Gəncə şəhəri üzrə 30, İsmayıllı rayonu üzrə 30, Tovuz rayonu üzrə 4 nəfər sağlamlıq imkanı məhdud olan şəxs arasında sorğu keçirilib və onların təhsilində olan problemlər araşdırılıb. Problemlərin müzakirə olunaraq aradan qaldırılması üçün təlim paketi hazırlanıb və təlimlər keçirilib.
Sağlamlıq imkanı məhdud şəxslərdə bir çox problemlər aşkara çıxıb. Belə ki, onlarda özünə qapanmaq, cəmiyyətdən təcrid olmaq, insanlarla ünsiyyətdən qaçmaq və s. kimi hallar müşahidə edilib. Psixoloji təlimlərdə onlara özünə inam hissi, insanlarla rahat ünsiyyət qurmaq bacarığı aşılanıb.
Sağlamlıq imkanı məhdud olan şəxslərin təhsil imkanları artırılır