Bakı, 23 iyul, AZƏRTAC
İlk dəfə 650 qram çəki ilə dünyaya gələn körpənin həyatda saxlanılması Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında reallaşıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 19-da 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə qalan qadın Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələr zamanı dölyanı mayenin tam axdığı aşkar edilib. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın mama-ginekoloqu Nigar Abbasova və həkim-neonatoloqu Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkarlanıb və süni doğuş aparılıb.
Aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq yaşayır və vəziyyəti qənaətbəxşdir. İndi balaca Yusifin çəkisi 1020 qramı keçib.
