Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də saat 15:00 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında Sənan Əli oğlu Quliyev ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla həyat yoldaşı Vüsalə Vüqar qızı Hüseynovanı qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.