Bakı, 25 iyul, AZƏRTAC
Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil. Təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.
Müdafiə Nazirliyi növbəti dəfə bildirir ki, cəbhədə baş verən hər bir hadisə barədə məlumatların yayılmadan əvvəl rəsmi surətdə bu qurum ilə dəqiqləşdirilməsi vacibdir.