[ 27 İyul 2015 13:15 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin I yarım ili ərzində 13 676 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilən sifarişlər əsasında 1 879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bu dövrdə ümumilikdə 1 800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşpaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Yanvar-iyun aylarında xidmət tərəfindən gənclərin düzgün peşə seçiminə köməklik məqsədilə 56 811 nəfərə peşəyönümü məsləhətləri verilib.