Ailədə dəhşət: onlar bir də özlərinə gəlməyəcəklər

Ailədə dəhşət: onlar bir də özlərinə gəlməyəcəklər
00:22 26 Yanvar 2015
296 Sosial
Ölkə mətbuatı
A- A+

Ailənin sütununu uşaq tamamlayır. Uşaq ailənin gələcəyi hesab olunur. Ona əl qalxdısa, zorakılıq edildisə, bir növ həmin ailənin gələcəyinə zərbə endirilmiş olur. Zərbə dəyən ailə isə bir daha heç vaxt toparlana bilmir. Daim qorxu, həyəcan hissi ilə yaşayır.

Uşaq zorakılığı qlobal məsələlərdən birinə çevrilib. Türkün sözü, "Dayak (şillə, yumruq) yeməsən, adam olmazsan" deyib, uşağı "eşşək sudan gəlincəyə qədər döymək" isə olmaz. Uşaqlara qarşı bu tendensiya əksər ailələrdə yaşanıb. Zorakılıq onları ruhdan salır, həyatdan soyudur və ən əsası - özlərinə qapanmalarına gətirib çıxarır. Bu zaman olmazın fəsadlar ortaya çıxa bilər.

Uşağı döyərək tərbiyə etmək yanlış və açıqlaması olmayan bir anlayışdır. Bununla onlara yaxşılıq edilmir, əslində silinməz izlər, qəzəb dolu bir gələcək buraxılır. Zaman keçdikcə, uşaq böyüdükcə ona əl qaldıran valideynə nifrət formalaşır. Hətta elələri olur ki, psixoloji xəstəlik tapır və manyaklaşır. Valideyninin ona etdiklərinin intiqamını başqalarından çıxmağa çalışır.

Şiddətin, zorakılığın hər növü ziyandır və bununla tərbiyələnmək, maariflənmək qeyri-mümkündür. Ailədə ər-arvad arasında olan davalar da uşaqlara pis təsir edir.

Bu barədə Milli.Az-a danışan psixoloq Nuriyyə Quliyeva bildirdi ki, bir çox valideynlər uşağa fiziki cəza verməklə onları doğru davranışa yönəltdiklərini düşünürlər: "Halbuki, döymək, fiziki cəza vermək heç vaxt tərbiyə üsulu ola bilməz. Əksinə, fiziki cəza alan uşaqlarda daha çox problemlərə rast gəlirik. Fiziki cəzanın bir çox fəsadları var. Burada həm fiziki, həm də psixoloji zədə almaqdan söhbət gedir. Bu mövzuda biz daha çox psixoloji travmalar üzərində dayanacağıq. Şiddətə məruz qalan uşaqlarda ən çox aşağıdakı hallar müşahidə olunur:
Qorxaqlıq,
Özünə inamsızlıq,
Aqressivlik
Özündən kiçik və zəif olanları vurma və ya zərər vermə
Yuxu pozuntuları
Qida pozuntuları
Psixosomatik əlamətlər (baş ağrısı, qarın ağrısı, ürəkbulanma və s.)
Enurez (altını islatma)
Ailə üzvləri və dostları ilə ünsiyyətdə pozuntular
Dərs keyfiyyətinin aşağı düşməsi, dərs zamanı diqqətsiz olmaq və s.
 
Gördüyünüz kimi, valideynin kiçik kimi görünən bu cəzası uşağın bütövlükdə həyat keyfiyyətinə mənfi təsir edir və dərin izlər qoyur.

Əgər uşaq dəcəllik edibsə, bunu onun yaşına uyğun cümlələr qurmaqla sakit şəkildə izah etmək lazımdır. Fiziki cəza əsla olmaz! Çünki o da bunu başqalarına tətbiq edəcək. Valideynlər unutmamalıdırlar ki, uşaq üçün ən yaxşı nümunə elə onların özləridir. Bu məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, fiziki cəza alan uşaqlar davranışlarına qarşı daha laqeyd olurlar. Onlar öz davranışlarına tənqidi yanaşa bilmirlər. Daha doğrusu, buna fürsətləri olmur. Çünki uşaq səhv davranış nümayiş etdirir və təhlilə fürsət tapmadan cəza alır. Bu zaman uşaq davranışına deyil, aldığı cəzaya diqqətini yönəldir. Və onu həmin vaxt ancaq aldığı cəza düşündürür. Beləcə, onlar etdikləri hərəkətdən nəticə çıxara bilmirlər".

Niyaməddin Şirinov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR