Bakı, 4 avqust, AZƏRTAC
“Qəbələ” klubunun əvəzedici komandası 2015/2016-cı il mövsümünün hazırlığını tamamlayıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Ramin Quliyevin yetirmələri artıq yeni mövsümün ilk turunda “Qarabağ” ilə qarşılaşmaya hazırlaşır.
Əvəzedicilər Qəbələdə təşkil edilən dörd həftəlik mərhələli təlim-məşq toplanışına iyulun 1-də başlayıblar. Komanda hazırlıq dövründə keçirdiyi dörd yoxlama oyununun hamısında qalib gəlib. İlk yoxlama matçını iyulun 16-da keçirən R.Quliyevin yetirmələri Azərbaycanın U-19 millisini 2:1 hesabı ilə məğlub ediblər. İki gün sonra “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələn komanda 2:0 hesabı ilə qələbə qazanıb. İyulun 24-də Bakıda “İnter”in əvəzedicilərinin qonağı olan “Qəbələ” növbəti qələbəsini əldə edib - 2:1. İyulun son gününə təsadüf edən dördüncü yoxlama oyununda rəqib bu mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” olub. Daha çox gənclərə güvənən “Qəbələ” görüşü 6:3 hesablı qələbə ilə başa vurub. Qalib komandanın sonuncu qolunu “Qəbələ” akademiyasının U-17-dən cəlb olunan üzvü Rövlan Muradov vurub. O, mövsümlərarası fasilədə əvəzedici heyətə qatılan 10 futbolçudan biridir. Onunla yanaşı, akademiyanın U-17 komandasından Hacıağa Hacılı, Amin Seydiyev və Baxşəli Baxşəliyev də R.Quliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Əli Əlizadə, Elmiz İsmayılov, Əziz İsmayılov, Süleyman Süleymanov isə klubun U-19 komandasından cəlb olunub.
