Səhiyyə Nazirinin müavini Elsevər Ağayev dərmanların qiymətinin tənzimlənməsilə bağlı açıqlama verib.

ANS TV-nin məlumatına görə, o bildirib ki, gələn ilin martına qədər bütün dərman preparatlarının qiyməti dövlət tərəfindən müəyyənləşdiriləcək. Qiyməti tənzimlənməyən dərman qalmayacaq. Əczaçılıq məhsullarının qiymətinin vahid qaydada təyini isə digər bir problemin həllini asanlaşdıracaq. Tibbi sığortanın tətbiqi tezləşə bilər.

Dərmanların qiymətinin tənzimlənməsi yalnız icbari deyil, könüllü tibbi sığorta üçün də vacib sayılır. Çünki sığorta hadisələrinin baş verməsi nə qədər qeyri-müəyyən olsa da, həmin hadisələr zamanı ödənişin hesablanması konkretlik tələb edir.

Tibbi sığorta zamanı sığorta ödənişinə daxil olan əsas elementlərdən biri isə dərmanların dəyəridir.

Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun sözlərinə görə, bu məsələnin maliyyə tutumunu da müəyyənləşdirmək çox çətindir: "Məsələn, qiymətlər həmin günün tələbinə uyğun olaraq onların maliyyə tutumu ona əsasən hesablanır. Sabah isə qiymət 20 faiz civarında artdıqda isə görürsünüz ki, ilin əvvəlində nəzərdə tutulan məbləğ kifayət etmir".

Qonşu ölkələrin təcrübəsi göstərir ki, icbari tibbi sığortanı daha uğurla tətbiq edən ölkələr də əvvəlcə dərmanların qiymətini tənzimləyib. Buna ən yaxşı nümunə Türkiyədir.

Hələlik Azərbaycan icbari tibbi sığortanın modelini müəyyənləşdirməsə də, müəyyən variantlar nəzərdən keçirilir. Əsas məsələ, icbari tibbi sığortanın reallıqda özünü doğruldan proqramını yaratmaqdır.

“İlk öncə icbari tibbi sığorta proqramı hazırlanmalıdır. Sonra isə hesablama aparmaq lazımdır ki, bunu tətbiq edərkən nə qədər maliyyə vəsaiti lazımdır. Bundan başqa o da müəyyən olunmalıdır ki, sistemə maliyyə vasaiti hansı mənbələrdən toplanmalıdır”, - deyə Namiq Xəlilov bildirib.

Hazırda icbari tibbi sığortanın Azərbaycan modelinin hazırlanması ilə hökumətdə yaradılmış xüsusi komissiya məşğul olur.

Bundan əvvəl komissiyanın sədri Əli Əhmədov sığorta haqlarının bir qisminin vətəndaşların əmək haqlarından, bir qisminin isə işəgötürənlərdən tutulacağını açıqlamışdı.

Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən azad oluna bilər.