İlan və əqrəb sancmaları ilə əlaqədar təhlükəsizlik qaydaları

İlan və əqrəb sancmaları ilə əlaqədar təhlükəsizlik qaydaları
16:23 6 Avqust 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi ilan və əqrəb sancmaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə yay mövsümünün əsas təhlükələrindən birinin ilan və əqrəb sancması olduğu vurğulanıb və belə hallardan qorunmaq üçün bir sıra qaydalar diqqətə çatdırılıb.
İlan sancmasından qorunmaq üçün meşəyə gedərkən uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinmək tövsiyə olunur. Çünki ilan bu materialları dişləyə bilmir.
Əhaliyə xəbərdarlıq edilir ki, rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.
İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.
Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.
Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.
Özünüzü əqrəb sancmasından necə qoruya bilərsiniz?
Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin. Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.
İlan və əqrəb sancması zamanı həkimə qədər ilkin tibbi yardım aşağıdakılardır: zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin, sancılmış nahiyəni hərəkət etdirməyin, yaranı su ilə yuyun, soyuq kompress qoyun. Yara baş və ya boyundadırsa ətrafına əl və ya barmaqla təzyiq göstərin. Əgər yara əl və ya ayaqdadırsa qan dövranını pozmadan yaraya sarğı qoyun. Bu halda jqut qoymaq, yaraya müdaxilə etmək və zəhəri sormaq olmaz. Zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin, tibbi yardım çağırın.
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir.
Təhlükə zamanı 112-yə zəng edin.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilan_ve_eqreb_sancmalari_ile_elaqedar_tehlukesizlik_qaydalari-875825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR