Rafael Harpaz: "Azərbaycan kimi bir ölkədə səfir işləmək mənim üçün olduqca xoş idi"

Rafael Harpaz: "Azərbaycan kimi bir ölkədə səfir işləmək mənim üçün olduqca xoş idi"
18:52 6 Avqust 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

İsrailin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Rafael Harpaz AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, məlum olduğu kimi, Azərbaycan-İsrail münasibətləri son illərdə uğurla inkişaf edir. İki ölkə arasındakı əməkdaşlıqda hansı yeniliklər gözlənilir?

- Əvvəla qeyd edim ki, Azərbaycan kimi bir ölkədə səfir işləmək mənim üçün olduqca xoş idi. Ölkəniz özünəməxsusluğu, insanların mehribanlığı, səmimiliyi ilə seçilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən ötən 24 il ərzində yüksək nailiyyətlər qazanıb.

Ölkələrimiz arasında münasibətlərə gəlincə, qeyd etməliyəm ki, Azərbaycan İsrail üçün çox yaxın ölkədir. İki ölkə arasında mühüm strateji əlaqələr mövcuddur. Bu əlaqələr getdikcə daha geniş sahələri əhatə edir.

İsrail hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişafı yüksək qiymətləndirir.

Biz əlaqələrimizin şaxələndirilməsinə müvəffəq olmuşuq. Hazırda ticarət və enerji sahələrində əməkdaşlığın daha da dərinləşməsinə çalışırıq. Bizim iqtisadi sahədə güclü əlaqələrimiz var. Bu əlaqələr kənd təsərrüfatı, su texnologiyaları, yüksək texnologiyalar, turizm, tibb sahələrini də əhatə edir. Bu sahələrdə təcrübə və fikir mübadiləsi aparılması üçün treninqlər təşkil edilib. İsrail Azərbaycanın qeyri-neft sektorundakı təcrübəsini öyrənməkdə maraqlıdır. Bu il ticarət və biznes sahələrində əməkdaşlığı daha da genişləndirmək üçün ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulur. Hazırda bu müqavilələr üzərində iş gedir.

Azərbaycan Hava Yolları həftədə iki dəfə İsrailə uçuşlar həyata keçirir. Bundan başqa, diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalanıb. Bu, o deməkdir ki, İsrail vətəndaşları asanlıqla Azərbaycana səfər edə bilərlər.

Bizim mədəni sahədə də yaxşı əlaqələrimiz var. Çox sevindiricidir ki, Yerusəlimdə keçirilən festivalda Azərbaycan muğamı səsləndirilib. İsrail musiqiçiləri Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edirlər. Bu sahədə əməkdaşlığımız gələcəkdə daha da inkişaf edəcək.

Enerji sahəsində də əlaqələrimiz yaxşı səviyyədədir. Bildiyimiz kimi, Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz ehtiyatlarına malikdir. Enerji sahəsində böyük təcrübəsi olan Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İsraili xeyli miqdarda neftlə təmin edir.

Bundan başqa, Azərbaycanda turizmin inkişafı üçün əlverişli potensial var. Yüzdən artıq gənc azərbaycanlı İsrailin turizm sahəsindəki təcrübəsini öyrənmək üçün kurslarda iştirak edib.

- Bildiyiniz kimi, Azərbaycanda bir çox xalqların nümayəndələri, həmçinin 30 mindən çox yəhudi sülh şəraitində yaşayır. Ölkəmizdəki mövcud tolerantlıq barədə nə deyə bilərsiniz?

- Azərbaycan həqiqətən də tolerantlıq nümunəsidir. Bunu artıq hər kəs qəbul edir. Bu məsələdə Azərbaycanı hətta qabaqcıl Avropa ölkələri ilə müqayisə etdikdə bunu aydın görürük. Bu ölkədə antisemitizm yoxdur. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Burada təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, əmin-amanlıq şəraitində yaşayır, işləyirlər. Bu, Azərbaycanın mədəni zənginliyidir, ən böyük sərvətidir. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss edib və burada qürurla yaşayır. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir. Əlbəttə, belə bir tolerant ölkədə diplomatik fəaliyyətdə olmaq mənim üçün çox xoş idi.

- Azərbaycanda işlədiyiniz müddət sizin üçün hansı hadisələrlə yadda qaldı? Ölkəmizlə bağlı təəssüratlarınız barədə danışmağı xahiş edirik.

- Azərbaycanın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Burada çoxlu dostlarım var. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Azərbaycan bir diplomatın göndərilə biləcəyi ən gözəl ölkələrdəndir. Düşünürəm ki, bu möhtəşəm diyarın tarixini, mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar. Azərbaycanda olduğum son üç il çox gözəl keçdi. Burada bir daha gördüm ki, xalqlarımızın oxşar xüsusiyyətləri çoxdur. Ölkənin bir çox rayonlarında oldum, mətbəxinizi çox bəyəndim. Mən gələcəkdə mütləq buraya turist kimi gələcəyəm.

- Azərbaycanın ev sahibliyi ilə keçirilən birinci Avropa Oyunları haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Mən ilk növbədə Azərbaycan xalqını və dövlətini bu möhtəşəm uğur münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın beynəlxalq arenada özünü daha geniş miqyasda təqdim etməsinə əlverişli şərait yaratdı. İsrailin iki televiziya kanalı Avropa Oyunlarını canlı yayımladı. Təşkilatçılıq olduqca mükəmməl idi. İsrailin Milli Olimpiya Komitəsi Oyunların açılış və bağlanış mərasimlərini, bütün yarışları, təhlükəsizlik məsələlərini mümkün ola biləcək ən yüksək səviyyəli təşkilatçılıq kimi dəyərləndirdi. Oyunlarda İsraili təmsil edən nümayəndə heyətinin 200-dən artıq üzvü var idi. Bu, indiyədək İsrailin yarışlara göndərdiyi ən böyük nümayəndə heyəti idi. Nümayəndə heyətimizin üzvləri Azərbaycanda, həmçinin yəhudi icmasının nümayəndələri ilə görüş keçirdilər.

Ümumiyyətlə, Azərbaycan beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Məlum olduğu kimi, qarşıdan gələn illərdə Azərbaycanda daha bir neçə mötəbər idman yarışı keçiriləcək. Bunların arasında "Formula-1" yarışlarını, İslam Həmrəylik Oyunlarını, futbol üzrə Avropa Çempionatının dörd oyununu və digər beynəlxalq yarışları qeyd etmək olar. Mən də bu idman tədbirlərində tamaşaçı kimi iştirak edəcəyəm.

- Ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, iki ölkə arasında mövcud yüksək səviyyəli əlaqələr informasiya sahəsini də əhatə edə bilər. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı olar. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında əməkdaşlıq çox vacibdir. İsraildə beş mühüm informasiya agentliyi fəaliyyət göstərir. Əgər AZƏRTAC maraqlı olsa gələcəkdə bu agentliklər ilə əməkdaşlıq əlaqələrinin qurulması mümkündür. Yeri gəlmişkən, mən Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial, idman həyatı ilə bağlı məlumatları AZƏRTAC-dan oxuyuram. Mən AZƏRTAC-da olmuşam. Agentliyinizin qlobal informasiya məkanındakı beynəlxalq əlaqələrindən xəbərdaram. Hesab edirəm ki, bu əlaqələrin yaradılması ölkələrimizin informasiya sahəsində əməkdaşlığının inkişafına mühüm töhfə verə bilər. Ümid edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.

- Bizim mövqeyimiz bəllidir. İsrail Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bildiyimiz kimi, bu münaqişədən çoxlu sayda insan əziyyət çəkir. Biz, eyni zamanda, problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Regionda sülh və sabitliyin təmin olunması vacibdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/361285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR